Bakı. Trend:
2024-cü ildə ixtira, faydalı model və sənaye nümunəsinin patentləşdirilməsinə dair Əqli Mülkiyyət Agentliyinə 310 iddia sənədi (2023-cü ildə 302 iddia sənədi) daxil olub.
Trend-in məlumatına görə, bu barədə məlumat Əqli Mülkiyyət Agentliyi tərəfindən 2024-cü ildə görülmüş işlərin yekunlarına dair məlumatda öz əksini tapıb.
O cümlədən ixtiraya aid 204 (2023-cü ildə 201), faydalı modelə aid 69 (2023-cü ildə 67), sənaye nümunəsinə aid 37 (2023-cü ildə 34) və Avrasiya patentinin alınması üçün 39 (2023-cü ildə 35) iddia sənədi daxil olub. Patentlərin alınması ilə bağlı daxil olmuş iddia sənədlərinin sayı (ixtira fəallığı) 2023-cü illə müqayisədə 2024-cü ildə 4%-ə yaxın artıb.
Məlumata görə, Azərbaycan patent sifarişləri üzrə, yəni ixtira fəallığına görə Cənubi Qafqazda liderdir.
Avrasiya Patent İdarəsinə göndərilməsi üçün 39 (2023-cü ildə 35) və PCT beynəlxalq sistemi vasitəsilə patent alınması məqsədilə Beynəlxalq Büroya göndərilməsi üçün ixtiraya aid 7 (2023-cü ildə 6) iddia sənədi daxil olub (ümumilikdə 2023-cü illə müqayisədə 12% çox).
2024-cü ildə Dövlət reyestrində 185 patent (2023-cü ildə 151 patent), o cümlədən ixtiralara dair 128 (2023-cü ildə 103), faydalı modelə aid 43 (2023-cü ildə 36) və sənaye nümunələrinə aid 14 (2023-cü ildə 12) patent qeydiyyata alınıb.
Patent fəallığı 2023-cü illə müqayisədə 22% artıb.
Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı daxil olan iddia sənədlərinin sayı 3880 (2023-cü ildə 3862) olub.
Sənaye mülkiyyəti obyektlərinə (ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı, coğrafi göstərici) dair iddia sənədlərinin ekspertizasının müddəti orta hesabla 30-50% qısaldılıb.
2024-cü ildə müvafiq dövlət reyestrində 2844 əmtəə nişanı qeydiyyata alınıb.