Bakı. Trend:
Hazırda "SOCAR karbamid" zavodunda istehsal edilən məhsul 15-ə yaxın ölkəyə ixrac edilir. Bunlar, əsasən, Qara dəniz sahili ölkələridir.
Trend xəbər verir ki, bu barədə “SOCAR karbamid” zavoduna təşkil edilmiş mediatur zamanı müəssisənin istehsalat şöbəsinin rəisi Şöhrət Mirzəyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, zavodun illik istehsal gücü 650-660 min ton həcmdədir:
"2024-cü ildə bu rəqəm 652 min tonun üzərində idi. Bu il üçün istehsal potensialını 660 min tona çatdırmaq niyyətindəyik".
Mütəxəssis zavodun istehsal zəncirini də izah edib:
"İstehsal zənciri izah etsəm, qeyd edə bilərəm ki, əsas xammal kimi təbii qaz, su və atmosfer havasından istifadə olunur. İstehsalımız daxili bazarın tələbini tam ödəyir. Zavod qurularkən müəyyənləşdirilmişdi ki, istehsalın 30%-ə qədəri daxili bazarı təmin etdikdən sonra yerdə qalanı hissəsinin xaricə göndərilsin. İstehsalın təqribən 20%-i kifayət edir ki daxili bazarın tələbatını tam ödəyək".
Ş.Mirzəyev zavodun ixrac imkanlarının mümkün genişləndirilmə potensialından da danışıb:
"Hazırda biz zavodda istehsal edilən karbamidi 15-ə yaxın ölkəyə ixrac edirik. Bunlar, əsasən, Qara dəniz sahili ölkələridir. Məsələn, Türkiyə, Gürcüstanı qeyd edə bilərəm. Hətta ABŞ, Braziliya, Argentina, İsrail və digər ölkələrə də karbamid gübrəsi ixrac edirik. Hindistan böyük istehsalçı olsa da, biz onlara da karbamid satırıq".
"Daşınma xərclərini azaltmaq üçün daha çox yaxın ölkələrə məhsulumuz ixracı əlverişli hesab edilir. Gələcəkdə ixrac bazarımızın genişləndirilməsi ilə bağlı SOCAR-ın marketinq departamenti araşdırmalar aparır", - deyə zavodun şöbə rəisi əlavə edib.