Bakı. Trend:
2024-cü ildə 346 müəllifin (hüquq sahibinin) 660 əsəri, o cümlədən 306 müəllifə məxsus 543 əsər elektron qaydada qeydiyyatdan keçirilib.
Trend-in məlumatına görə, bu barədə məlumat Əqli Mülkiyyət Agentliyi tərəfindən 2024-cü ildə görülmüş işlərin yekunlarına dair məlumatda öz əksini tapıb.
Məlumata görə, əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən indiyədək Agentlikdə 16000 mindən əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən 2125 əsər elektron qaydada qeydiyyatdan keçirilmişdir.
Agentlikdə aparılan təhlil və hesablamalara əsasən Azərbaycanda ÜDM-də kreativ industriyanın payı getdikcə artmaqdadır. ÜDM-də kreativ industriyanın payı 2010-cu ildəki 3,5%-dən 2023-cü ilin yekunlarına görə 5,2%-ə çatıb.
Əmtəə nişanlarından qeyri-qanuni istifadə ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və ya hüquq sahiblərinin müraciətləri əsasında 32 ekspert rəyi hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.
Agentliyin nümayəndələri əqli mülkiyyət məsələləri ilə bağlı müxtəlif məhkəmə instansiyalarında 50-yə yaxın iş üzrə 80-dək məhkəmə iclasında iştirak edib, hər bir işə dair ekspert rəyi hazırlanmış və hüquq sahibləri üçün maarifləndirmə tədbirləri keçirilib.
"İxtiraların və faydalı modellərin Patent Əməkdaşlıq Sazişi (PCT) beynəlxalq sistemi vasitəsilə xarici dövlətlərdə patentləşdirilməsi və onların ilk 3 (üç) il müddətində qüvvədə saxlanılması üçün Azərbaycan Respublikasının vətəndaşı olan hüquq sahiblərinin ödədikləri xərclərin 50 (əlli) faizinin dövlət tərəfindən maliyyələşdirilməsi Qaydası"na uyğun olaraq 2 ixtira və bir faydalı modelin PCT beynəlxalq sistemi vasitəsilə patentləşdirilməsinə gösə iddiaçılar tərəfindən çəkilən xərclərin 50 faizi Agentlik tərəfindən maliyyələşdirilib.