Bakı.Trend:
Almaniyanın “Mercedes-Benz” avtokonserni təhlükəsizlik yastıqlarında aşkarlanan nasazlıqla əlaqədar 223 min avtomobili geri çağırır.
Trend xəbər verir ki, bu barədə DPA Federal avtonəqliyyat idarəsinin qərarına istinadən məlumat yayıb.
Söhbət 2002-2006-cı illər ərzində buraxılmış “Viano” və “Vito” markalı minivenlərdən gedir. Təkcə Almaniyada 60 mindən çox avtomobilin geri çağırılacağı bildirilir. Avtokonsernin rəsmisinin açıqlamasına görə, zavodda montaj işləri zamanı sürücü tərəfin təhlükəsizlik yastıqlarına “Takata” şirkətinin modulunun quraşdırıldığı ehtimal edilir.
“Takata” şirkətinə aid nasaz təhlükəsizlik yastıqları ümumilikdə başqa modellər də daxil olmaqla, 100 milyon avtomobildə aşkarlanıb.
Problem qaz generatorundadır — belə ki, onun korpusu zamanla çatlayır. Nəticədə, qəza zamanı hava yastığı açılarkən avtomobilin salonuna çoxlu metal qəlpələri atıla bilər. Genişmiqyaslı geri çağırma kampaniyası Yaponiyanın “Takata” şirkətinin müflisləşməsi ilə nəticələnib.