Bakı. Trend:
Suriyanın daxili təhlükəsizlik qüvvələri Əs-Suveyda şəhərində bir neçə gün ərzində əsir saxlanılmış bədəvi ailələlərin təxliyəsi üzrə əməliyyata başlayıb.
Trend xəbər verir ki, bu barədə “Sky News Arabia” Suriya DİN əyalət üzrə baş idarəsinin rəisi, general Əhməd əd Dəllatiyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, ilkin mərhələdə şəhərdən 1,5 minə yaxın insan çıxarılacaq.
O bildirib ki, təxliyə Bosra-əl-Hərir nəzarət-buraxılış mənqətəsi vasitəsilə həyata keçirilir, zərərçəkənlər isə Dəra əyalətinin xəstəxanalarına çatdırılır.
Xatırladaq ki, Əs-Suveyda əyalətində gərginlik 2025-ci ilin iyul ayının əvvəlində yaranıb. Bədəvi qəbilələrinin üzvləri Dəməşq–Suveyda yolunda müvəqqəti nəzarət-buraxılış məntəqəsi quraraq, druz mənşəli tərəvəz satıcısına hücum edib və onu girov götürüb .
Druz silahlı dəstələri cavab olaraq bədəvi icmasından olan şəxsləri girov götürüb və bu, qarşılıqlı adam oğurluqlarına səbəb olub. Zorakılıq dalğası qısa müddətdə əyalət boyunca silahlı toqquşmalara çevrilib.
Hökumət qüvvələri nizamı bərpa etməyə cəhd etsə də, bəzi druzlar onların bədəvilərə tərəfkeşlik etdiyini düşünüb, bu isə məzhəblərarası gərginliyi daha da artırıb. Toqquşmalarda ümumilikdə 600-ə yaxın insan həlak olub.