Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyalardan daşınmaz əmlakla əlaqədar əməliyyatlara 7,6 milyon manat sərf olunub.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 4,2 milyon manat və ya 2,5 dəfə çoxdur.
Belə ki, 2024-cü ilin ilk 10 ayında ölkədə əsas kapitala yönəldilmiş investisiyalardan daşınmaz əmlakla əlaqədar əməliyyatlara 3 milyon manat sərf olunmuşdu.
Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 16,659 milyard manat və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çox investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 8,5 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 8,3 faiz artıb.
Ümumi sərmayənin 8,421 milyard manatı və ya 50,6 faizi məhsul istehsalı sahələrinin, 5,614 milyard manatı (33,7 faizi) xidmət sahələrinin, 2,623 milyard manatı (15,7 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb. Ümumi sərmayənin 51,1 faizi dövlət, 48,9 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun 76,2 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi sərmayənin 78 faizini təşkil edib.
