Bakı. Trend:
SOCAR-ın Azneft İstehsalat Birliyinin sifarişinə əsasən “Kompleks qazma işləri” tresti tərəfindən 2025-ci il ərzində “Qərbi Abşeron” yatağında 8 ədəd quyunu maili qazma üsulu ilə uğurla qazılaraq yüksək hasilat göstəriciləri ilə sifarişçiyə təhvil verilib.
Trend bu barədə “Kompleks qazma işləri” trestinə istinadən xəbər verir.
Belə ki, yataqda yerləşən 20a saylı quyu 73°, 293 metr inhirafla, 164 saylı quyu 75°, 480 metr inhirafla, və 159 saylı quyu isə 78°, 287 metr inhirafla qazılıb.
Bundan əlavə, yatağın 20 saylı özülündə yerləşən yüksək maillik bucağa malik 160, 162, 25A və 26A saylı quyular eləcə də 54 saylı DSÖ-də yerləşən 113 saylı quyu 150–250 metr horizontal hissə saxlanılmaqla qazılmış, zenit bucağı 85°–90° intervalında stabil şəkildə qorunmuş və beynəlxalq standartlara uyğun tamamlanaraq Sifarişçiyə təhvil verilmişdir.
Plan-qrafikə əsasən 162 saylı quyunun qazılması 40 günə planlaşdırılsa da, peşəkar yanaşma nəticəsində quyu 26 gün ərzində, 99,5 % məhsuldar vaxt göstəricisi ilə qazılıb.
Həmçinin 25A saylı yan lülə quyusu SOCAR tarixində bu günə qədər süzgəc ilə tamamlanan rekord uzunluqda açıq lüləyə (515 metr) sahibdir. Bundan öncə açıq lüləyə süzgəc endirilməsi rekordumuz 26a saylı quyuda olmuş və bu göstərici 473 metr təşkil edib.
Qeyd olunan quyuların profilinin mürəkkəb olmasına baxmayaraq, KQİT-nin peşəkar komandası, məhlul, maili qazma və digər xidmət sahəsində beynəlxalq təcrübəli podratçı təşkilatlarla əməkdaşlıq edərək birgə uğurlara imza atıb.
