...

ABŞ-də sərnişin havada təyyarənin qapısını açmağa cəhd edib

Dünya xəbərləri Materials 19 Dekabr 2025 07:07 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-də sərnişin təxminən 5 500 metr yüksəklikdə uçan təyyarənin qapısını açmağa cəhd göstərib.

Trend xəbər verir ki, hadisə dekabrın 10-da Alyaskanın Dedxors şəhərindən Ankoricə uçan “Alaska Airlines” aviaşirkətinə məxsus təyyarədə baş verib.

Məlumata görə, hallüsinasiya vəziyyətində olan Kassian Uilyam Frederiks adlı sərnişin uçuş zamanı bir neçə dəfə təyyarənin arxa qapısını açmağa çalışıb. Şahidlərin bildirdiyinə görə, o, özünü qeyri-adekvat aparıb, narahatedici ifadələr işlədib, pəncərəni necə sındıra biləcəyini soruşub və ətrafdakılara həddindən artıq spirtli içki qəbul etdiyini deyib. Daha sonra dərman qəbul edib və bundan sonra davranışı daha da pisləşib.

Təyyarədə olan üç sərnişin K.Frederiksi zərərsizləşdirərək uçuşun sonuna qədər saxlayıblar. Ekipaj təcili eniş variantını nəzərdən keçirsə də, pilotlar reysi davam etdirmək qərarı veriblər.

Təyyarə Ankoricə endikdən sonra K.Frederiks xəstəxanaya aparılıb. O, həkimlərə son 9–10 gün ərzində spirtli içki qəbul etdiyini, eyni zamanda trazodon adlı dərman istifadə etdiyini və həyatının son iki ilini xatırlamadığını bildirib.

Hadisə ilə bağlı ona qarşı ekipaj üzvlərinin işinə müdaxilə ittihamı irəli sürülüb. K.Frederiksi uzunmüddətli həbs cəzası gözləyir. Bundan əlavə, “Alaska Airlines” şirkəti sərnişinə aviaşirkətin xidmətlərindən istifadəni qadağan edib.

Xəbər lenti

Xəbər lenti