Bakı. Trend:
Əsas ofislərindən biri Münhendə yerləşən Avropa silah holdinqi KNDS Çexiyanın Czechoslovak Group (CSG) şirkətinə məxsus “Tatra Defence Vehicle” ilə “Leopard 2A8” tankları üçün 150 gövdənin istehsalını nəzərdə tutan müqavilə imzalayacaq.
Trend xəbər verir ki, bu barədə KNDS-in mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, KNDS “Holding Tatra Defence Vehicle” ilə 150 ədəd “Leopard 2A8” tank gövdəsinin istehsalı üçün müqavilə bağlayacaq və sifarişin həcmi 300 gövdəyədək artırıla bilər.
Müqavilənin dəyərinin yüz milyonlarla avro olduğu bildirilir. Layihənin icrası “Tatra Defence” şirkətinin iki yeni istehsal müəssisəsi ilə genişlənməsinə və təxminən 300 yeni iş yerinin yaradılmasına imkan verəcək.
Qeyd olunur ki, istehsal ediləcək “Leopard 2A8” tankları, digər ölkələrlə yanaşı, Çexiya Ordusu tərəfindən də istifadə olunacaq.
