Bakı. Trend:
Cənubi Afrika Respublikası hökuməti ABŞ-nin vəzifəli şəxslərinin saxlanılmasında məsuliyyət daşıyanları cəzalandırmalıdır, əks halda “ciddi nəticələr”lə üzləşəcək.
Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda qeyd olunub.
Bəyanatda bildirilib ki, ABŞ afrikanerlərə humanitar yardım göstərmək vəzifələrini icra edən amerikalı rəsmilərin son saxlanılmasını qətiyyətlə pisləyir. Həmçinin, vəzifəli şəxslərin pasport məlumatlarının dərc olunmasının qəbuledilməz olduğu və bunun təqib forması sayıldığı vurğulanıb.
ABŞ Dövlət Departamenti baş verənləri CAR-da xidməti vəzifələrini yerinə yetirən ABŞ dövlət qulluqçularını qorxutmaq cəhdi kimi qiymətləndirib.
Qeyd olunub ki, ABŞ öz dövlət qulluqçularına və ya xaricdə qanuni fəaliyyət göstərən vətəndaşlarına qarşı bu cür hərəkətlərə dözməyəcək. Vəzifəli şəxslərin şəxsi məlumatlarının yayılması onların təhlükəsizliyini risk altına salır. Dövlət Departamenti CAR hökumətini vəziyyəti nəzarətə götürməyə və günahkarların məsuliyyətə cəlb olunması üçün təxirəsalınmaz tədbirlər görməyə çağırıb.
