Şuşa. Trend:
Şuşada “Rəqəmsal transformasiya: Süni intellekt dövründə informasiya və medianın dayanıqlığının gücləndirilməsi” mövzusuna həsr olunmuş 3-cü Şuşa Qlobal Media Forumunun üçüncü və son günü keçirilir.
Trend-in xüsusi müxbiri xəbər verir ki, forum iyulun 19-da başlayıb və bu gün başa çatır.
Tədbirin son günündə media savadlılığı, informasiya təhlükəsizliyi və sosial şəbəkələrin ictimai etimada təsiri mövzularına həsr olunmuş panel müzakirələri keçiriləcək.
Forumda 52 ölkədən təxminən 140 nümayəndə iştirak edir – onların arasında 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumunun nümayəndələri var.
Afrika İttifaqının İnkişaf Agentliyinin baş direktorunun aparatının kommunikasiya və advokasiya bölməsinin rəhbəri Zifora Mauban bildirib ki, media savadlılığı rəqəmsal dönəmdə dezinformasiyaya qarşı mübarizənin açarıdır.
Onun sözlərinə görə, media savadlılığı təkcə jurnalistlərin deyil, həm də özəl və dövlət sektorundakı rəhbərlərin məsuliyyətidir. Çünki məhz bu şəxslər tez-tez onlayn platformalarda fəal iştirakçılara çevrilirlər.
“Əsas odur ki, istər rəhbərlər, istərsə də adi vətəndaşlar – xüsusən də kənd rayonlarından olanlar – media savadlılığının azından təməl səviyyəsinə malik olsunlar, dezinformasiyanı etibarlı məlumatdan ayırmağı bacarsınlar”, – deyə o vurğulayıb.
Z.Maubane qeyd edib ki, internetdə informasiyanın yayılma sürəti təşkilatlardan böhranlara operativ reaksiya vermə bacarığı tələb edir:
“Əgər, məsələn, bir şirkət rəhbəri onlayn KİV-lərin dinamikasını anlamırsa, bu, nüfuzla bağlı ciddi itkilərə səbəb ola bilər”, - deyə o bildirib.
TRT World telekanalının aparıcısı və müxbiri Cəffər Hasneyn qeyd edib ki, jurnalistika detallara və faktlara yüksək diqqət tələb edən məsuliyyətli bir fəaliyyətdir.
Onun sözlərinə görə, sosial şəbəkələrin hökmranlıq etdiyi müasir dünyada media savadlılığın artırılması, etibarlı informasiyanı “feyk”lərdən ayırmaq bacarığı həmişəkindən daha önəmlidir.
“Jurnalistika sadəcə reportaj demək deyil. Bu, faktçekinqdir, çarpaz yoxlamadır, etibarlı mənbələrə istinaddır. Məhz buna görə biz işinin peşəkarları olaraq, cəmiyyətə mediasənayenin hansı şəkildə işlədiyini izah etməliyik”, - deyə o vurğulayıb.
Hasneyn əlavə edib ki, əsl jurnalist hər hansı materialın dərc olunmasından əvvəl verifikasiyanın bütün mərhələlərindən keçməlidir.
“Bəli, sizin telefonunuz ola bilər və özünüzü jurnalist adlandıra bilərsiniz. Amma jurnalistika – bu, daha mürəkkəb və əhəmiyyətli bir sahədir. Bu, media mühitinin necə işlədiyini anlamağı tələb edən çətin və vacib bir prosesdir”, – deyə o qeyd edib.
“Euronews”un baş direktoru Klaus Ştrunz bildirib ki, maşın və insan qavrayışı arasındakı uçurum jurnalistika üçün həm bir çağırış, həm də bir fürsətdir.
Onun sözlərinə görə, uzun illər ərzində postsovet məkanında, o cümlədən, Cənubi Qafqazda münaqişələrin işıqlandırılması Qərb prizmasından aparılıb.
“Maşın bütün bu hesabatları bilir və yalnız bir tərəfi əks etdirir. Biz, jurnalistlər, bu mexanizmi anlamağa borcluyuq – bizim əsas vəzifəmiz məhz bundadır: boşluqları doldurmaq və daha tam mənzərəni təqdim etmək”, – deyə o vurğulayıb.
Ştrunz əlavə edib ki, texnologiyalar və alqoritmlərin sürətli inkişafı fonunda media məkanında əsas amil hələ də insan olaraq qalmaqdadır.
“Məlumat yalnız o halda etibarlı olur ki, arxasında insan – üzü, adı və məsuliyyəti olan jurnalist dursun. Məhz bu faktor qarşıdakı 5, 10, 15 ildə rəqabət qabiliyyətini və auditoriyanın etimadını müəyyən edəcək”, – deyə o qeyd edib.
“Euronews”un baş direktoru Klaus Ştrunz bildirib ki, hazırda avtomatlaşdırılmış tərcümənin tətbiqinə fokuslanıblar və bu, heç də asan tapşırıq deyil.
Onun sözlərinə görə, redaksiyanın işinə süni intellektin inteqrasiyası əsas istiqamətlərdən başlayaraq tədricən və düşünülmüş şəkildə həyata keçirilməlidir.
“Hazırda tərcüməyə fokuslanmışıq – bu isə kifayət qədər mürəkkəb bir tapşırıqdır. Nəzərə alsaq ki, “Euronews” 12 dildə fəaliyyət göstərir, tərcümə artıq köməkçi funksiya olmaqdan çıxıb, o, bizim fəaliyyətimizin mərkəzi elementinə çevrilib”, – deyə o izah edib.
Baş direktor vurğulayıb ki, texnologiyaların ehtiyatlı və düşünülmüş şəkildə tətbiqi həm auditoriyaya, həm də kollektivə qarşı məsuliyyətlə bağlıdır:
“Əgər çox sürətlə hərəkət etsək, səhvlərə yol verə bilərik. Amma həddindən artıq yavaş hərəkət də risklidir. Biz düzgün ritmi tapmağa çalışırıq, çünki hər bir addım insanlara təsir edir, emosiyalar və şübhələr doğurur. Bu isə tamamilə təbiidir – axı məhz şübhə həqiqi innovasiyaların əsasında dayanır”, – deyə Ştrunz qeyd edib.
Xəbər yenilənəcək