Bakı. Trend:
Xəbər verdiyimiz kimi, artıq "yolumuzgarabaga.az" portalı üzərindən müvafiq icazə almaqla xarici ölkələrin vətəndaşları da fərdi minik avtomobilləri ilə ilkin mərhələdə Şuşa, Laçın, Ağdam, Füzuli, Xocalı və Xankəndi istiqamətində səfər edə biləcəklər. Qeyd edilən imkan 90 gün müddətinə qədər Azərbaycana səfər edən, həmçinin, ölkəmizdə müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi olan xarici vətəndaşlara şamil olunacaq.
Milli Məclisi Vüqar Bayramov Trend-ə açıqlamasında deyib ki, sürətli bərpa və yenidənqurma mərhələsinə qədəm qoyan Qarabağ və Şərqi Zəngəzurda artıq iqtisadi inkişaf müşahidə edilir.
O bildirib ki, praktiki olaraq ərazilərin minalardan təmizlənmə prosesi intensiv şəkildə həyata keçirilir:
“Qarabağ və Şərqi Zəngəzurun bərpası həm də həmin ərazilərimizdə tarixi, mədəni obyektlərin və irsin bərpası ilə müşahidə olunur. Ermənistanın işğalı nəticəsində həmin ərazilərin əksəriyyətində tarixi abidələr tamamilə dağıdılmışdı, bu gün onlar bərpa olunub. Müasir standartlara uyğun olaraq bərpa edilən və öz tarixiliyini qoruyan məscidlərimiz və digər tarixi abidələr istifadəyə verilib. İndiki mərhələdə yerli vətəndaşlarla yanaşı, həm də xaricilərin Qarabağ və Şərqi Zəngəzura səfər imkanları yaradılıb. Bu, xüsusən 90 günə qədər ölkədə qalma hüququ olan vətəndaşlara aid olunacaq. Həm də xarici vətəndaşlar Qarabağ və Şərqi Zəngəzura fərdi avtomobilləri ilə gedə biləcəklər”.
Deputat vurğulayıb ki, bu, bir tərəfdən xarici vətəndaşlar üçün yaradılan imkandır, digər tərəfdən isə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi intensiv yenidənqurma işlərinin bərpası baxımından vacibdir:
“Eyni zamanda, müşahidələr göstərir ki, xeyli sayda xarici vətəndaşlardan Qarabağ və Şərqi Zəngəzura səfərlərlə bağlı müraciətlər daxil olurdu. Xüsusən də fərqli regionlardan, MDB-dən, qardaş Türkiyədən və bir sıra inkişaf etmiş ölkələrdən vətəndaşlar Qarabağ və Şərqi Zəngəzura səfər etmək niyyətlərini dəfələrlə bildirmişdilər. Bu imkan həm də regionun turizm potensiallarından istifadə imkanıdır. İlkin qiymətləndirmələrə görə, azad edilən ərazilərimiz Azərbaycan iqtisadiyyatına təxminən 15 milyard manata yaxın əlavə dəyər yaratmaq potensialına malikdir. Burada aparıcı sahələrdən biri də turizmdir.
Xarici vətəndaşların Qarabağ və Şərqi Zəngəzura səfər imkanlarının yaradılması həm də bölgəmizin turizm potensialının artırılmasına gətirib çıxarır. Hazırda azad olunmuş ərazilərimizdə yaşayan və işləyən vətəndaşlarımızın sayı 50 mindən artıqdır. Amma turizmin və iqtisadiyyatın inkişafı həmin ərazilərdə daha çox insanın yaşamasına imkan yaradacaq”.
Trend-ə açıqlama verən turizm məsələləri üzrə ekspert Cəfər Qarayev isə bildirib ki, bu sayədə əcnəbi turistlər həm Zəngəzur və Qarabağın turizm potensialı ilə yerində tanış ola biləcəklər, həm də mədəniyyəti ilə tanış ola biləcəklər:
“Bu addımın atılmasına böyük ehtiyac var idi. Çünki xarici vətəndaşlar ölkəmizə gəldikdə paytaxt Bakı şəhərini, şimalda Quba, Qusar bölgəsini, Şahdağ qış-yay turizm kompleksini, eynilə Şimal-Şərqdə Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki kimi yerlərə daha çox üz tuturdular.
Son zamanlar Qarabağ bölgəsində inkişaf daha çox gedirdi. Biz onları yeni bir istiqamət, destinasiya kimi Qarabağ bölgəsinə aparmaq istəyirdik. Amma heyf ki, bu, mümkün deyildi. Amma şükür ki, gözlənilən addım atıldı. Ərazinin sürətli bərpası, iaşə obyektlərinin fəaliyyətə başlaması, yol infrastrukturunun qurulması, ərazilərin minalardan təmizlənməsi, 3 beynəlxalq hava limanının açılması 5 ildə hər ölkənin görə biləcəyi işlər deyil. Bunlar çox vaxt aparan, fiziki və maddi güc tələb edən işdir. Çox şükür ki, Prezident İlham Əliyevin rəhbərliyi altında güclü komanda formalaşdırılıb”.
“Prezident İlham Əliyev bildirdi ki, Şuşadan Xankəndiyə kanat yolu çəkiləcək. Eyni şəkildə Kəlbəcərdə də kanat yolunun çəkilməsi planlaşdırılır. Burada bölgənin yay və qış turizm potensialından istifadə etmək üçün kanatla yanaşı, xizəklər də istifadəyə veriləcək. Bunlar olduqca hotellər, restoranlar da fəaliyyətə başlayacaq. Bu, çox uzunmüddətli və uzaqgörən layihələrdir. Bütün bunlar gələcəyə yatırımdır. Bundan sonra oraya turistlər də göndərilməyə başlanacaq. Əvvəldən oradakı müəssisələrlə əlaqələr olduğu üçün turistlər oraya göndərilirdi. Artıq xarici turistləri də oraya göndərə biləcəyik. Artıq xarici vətəndaşlar üçün Şuşada, Xankəndidə turpaketlər hazırlamaq mümkün olacaq”, - C.Qarayev deyib.
Turizm məsələləri üzrə ekspert Rəhman Quliyev isə Trend-ə bildirib ki, xarici vətəndaşların işğaldan azad olunmuş ərazilərə gedişi zamanı səfər imkanlarının genişləndirilməsi bölgədə turizmin inkişafına çox ciddi müsbət təsir göstərəcək:
“Bunun bir neçə əsas səbəbi var. Qarabağ və Şərqi Zəngəzur illərlə qapalı zonalar olub. İndi xaricilər üçün bu ərazilər yeni və kəşf olunmamış turizm istiqaməti kimi maraq doğurur. Buraya edilən səfərlər iqtisadi canlanmaya səbəb olacaq. Xarici turist axını bölgəyə valyuta gətirəcək, bu da hotelçilik, nəqliyyat, restoran və yerli məhsulların satışında yeni imkanlar və iş yerləri yaradacaq, regionun tanıdılması ücün münbit imkanlar açacaq. Xarici turistlər bu yerlərdə çəkdikləri foto və videolarla Qarabağın real potensialını dünyaya tanıdacaq, həm də Azərbaycanın mövqeyini dəstəkləyən mədəni mesajlar yayacaq”.
R.Quliyev vurğulayıb ki, xarici vətəndaşların təhlükəsiz səfəri bölgənin sabit və inkişaf edən məkan kimi təqdim olunmasına xidmət edəcək:
“Bu da daha geniş turizm axınının yolunu açacaq. Xarici turistlər üçün tələbat artdıqca, dövlət və özəl sektor infrastruktur layihələrinə (yollar, hotellər, informasiya mərkəzləri) daha çox investisiya yönəldəcək. İcazələrin genişləndirilməsi sadəcə turizmə deyil, həm də bölgənin sosial-iqtisadi dirçəlişinə və beynəlxalq nüfuzuna güclü təsir göstərəcək”.