Bakı. Trend:
Dövlət büdcəsinin qeyri neft-qaz sektoru üzrə daxilolmaları bu ilin yanvar-iyun ayları üzrə dövlət büdcəsinin ümumi daxilolmalarının 51,9 faizini təşkil etməklə 10,277 milyard manat olub ki, bu da proqnozla müqayisədə 457 milyon manat və ya 4,7 faiz, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 232,3 milyon manat və ya 2,3 faiz çoxdur.
Trend bu barədə Maliyyə Nazirliyindən məlumat əldə edib.
Məlumata görə, cari ilin birinci yarısında dövlət büdcəsinin gəlirlərində qeyri neft-qaz sektoru üzrə daxilolmaların 62,4 faizini və ya 6,418 milyard manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 30,1 faizini və ya 3,091 milyard manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 3 faizini və ya 312,2 milyon manatını dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar, 4,3 faizini və ya 434,5 milyon manatını sair daxilolmalar, 0,2 faizini və ya 21,9 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar təşkil edir.
Cari ilin yanvar-iyun ayları üzrə dövlət büdcəsinin gəlirlərinin qeyri neft-qaz sektoru üzrə proqnoza nisbətən vergi orqanlarının xətti ilə daxilolmalar 218,6 milyon manat və ya 3,5 faiz, gömrük orqanlarının xətti ilə daxilolmalar 4,1 milyon manat və ya 0,1 faiz, dövlət əmlakının icarəyə verilməsindən və digər mənbələrdən daxilolmalar 319,2 milyon manat və ya 3,3 dəfə çox, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar isə 84,9 milyon manat və ya 21,4 faiz az icra olunub.