Bakı. Trend:
Bu ilin ilk altı ayında dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 9,527 milyard manat təşkil edib ki, bu da proqnozla müqayisədə 247,8 milyon manat və ya 2,7 faiz, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 728,8 milyon manat və ya 8,3 faiz çoxdur.
Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 24 faizi və ya 2,286 milyard manatı vergi orqanlarının xətti ilə daxilolmaların, 76 faizi və ya 7,240 milyard manatı Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşür.
Qeyd edək ki, cari ilin ilk altı ayında dövlət büdcəsinin gəlirləri 19,099 milyard manat proqnoza qarşı 19,804 milyard manat və yaxud 704,8 milyon manat (3,7 faiz), 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 5,1 faiz və ya 961,1 milyon manat çox icra edilib. Bu cari ilin dövlət büdcəsinin illik gəlirlərinin 51,6 faizinə bərabər olub.
Dövlət büdcəsinin xərcləri 17,096 milyard manat məbləğində icra edilməklə illik dövlət büdcəsi xərclərinin 41,3 faizinə bərabər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,043 milyard manat və ya 6,5 faiz çoxdur.