...

BMT Baş katibi təcili olaraq təmiz enerjiyə keçməyə çağırır

İqtisadiyyat Materials 22 İyul 2025 17:24 (UTC +04:00)
BMT Baş katibi təcili olaraq təmiz enerjiyə keçməyə çağırır
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bəşəriyyət tarix boyu enerjidən faydalanaraq irəliləyib: əvvəlcə oddan istifadəni mənimsəyib, sonra buxarın gücünü kəşf edib, nəhayət atomu parçalayıb. Bu gün isə biz yeni bir dövrün başlanğıcındayıq. Təmiz enerji dövrünün şəfəqi artıq görünür.

Trend xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş çağırışında bildirib.

Onun sözlərinə görə, ötən il demək olar ki, bütün yeni elektrik enerjisi gücü bərpa olunan enerji mənbələrindən əldə olunub:

"Təmiz enerjiyə qoyulan sərmayə 2 trilyon ABŞ dollarına çatıb, bu isə qalıq yanacaqlara qoyulan sərmayədən 800 milyard dollar çoxdur.

Günəş və külək enerjisi bu gün Yer üzündə ən ucuz enerji mənbələridir. Təmiz enerji sektorları isə yeni iş yerləri yaradır, artımı sürətləndirir və irəliləyişə təkan verir. Buna baxmayaraq, qalıq yanacaqlar hələ də daha çox subsidiyalar alır.

Qalıq yanacaqlardan asılı qalan ölkələr öz iqtisadiyyatlarını qorumur, əksinə iqtisadiyyatı təhlükə altına alır, rəqabət qabiliyyətini zəiflədir və XXI əsrin ən böyük iqtisadi imkanını əldən verirlər".

O qeyd edib ki, təmiz enerji həm də enerji suverenliyi və təhlükəsizliyini təmin edir. Qalıq yanacaq bazarları qiymət böhranlarına, təchizatın dayanmasına və geosiyasi çaxnaşmalara həssasdır.

"Rusiya Ukraynanı işğal edən zaman bunu aydın şəkildə gördük. Lakin günəş işığı üçün ani qiymət artımı yoxdur, küləyə embarqo qoyula bilməz və demək olar ki, hər bir ölkənin enerji baxımından özünü təmin etməsi üçün kifayət qədər bərpa olunan enerji resursları var.

Nəhayət, təmiz enerji inkişafa təkan verir. Təmiz enerji hələ də elektrik enerjisindən məhrum olan yüz milyonlarla insana, xüsusilə elektrik şəbəkəsindən kənar və kiçik miqyaslı günəş texnologiyaları vasitəsilə sürətli, sərfəli və dayanıqlı şəkildə çatdırıla bilər.

Bütün bunlar göstərir ki, təmiz enerji dövrünün qarşısını almaq mümkün deyil. Lakin keçid hələ nə kifayət qədər sürətli, nə də ədalətlidir. İnkişaf etməkdə olan ölkələr geridə qalır. Enerji sistemlərində hələ də qalıq yanacaqlar üstünlük təşkil edir və iqlim böhranının ən pis formasının qarşısını almaq üçün emissiyalar azalmalı olduğu halda, artmağa davam edir. Bu məsələni həll etmək üçün 6 istiqamətdə tədbir görməliyik.

Birincisi, hökumətlər təmiz enerjinin hakim olduğu gələcəyə tam şəkildə sadiqlik nümayiş etdirməlidir. Hər bir ölkə qarşıdakı aylarda növbəti onillik üçün hədəfləri əks etdirən yeni milli iqlim planlarını, yəni Milli Səviyyədə Müəyyən edilmiş Töhfələri təqdim etməyi öhdəsinə götürüb. Bu planlar qlobal temperatur artımının 1,5 dərəcə Selsiyədək məhdudlaşdırılması öhdəliyinə uyğun olmalı, bütün emissiyaları və sektorları əhatə etməli və təmiz enerjiyə keçid üçün aydın yol göstərməlidir. Qlobal emissiyaların təxminən 80 faizinə cavabdeh olan “Böyük İyirmilik” (G20) ölkələri bu işdə liderlik etməlidir.

İkincisi, XXI əsrə xas enerji sistemləri qurmalıyıq. Müasir elektrik şəbəkələri və enerji saxlama sistemləri olmadan, bərpa olunan enerji öz potensialını tam şəkildə reallaşdıra bilməz. Bununla belə, bərpa olunan enerjiyə qoyulan hər dolların yalnız 60 senti şəbəkələrə və enerji saxlama texnologiyalarına yönəldilir. Bu nisbət bərabər olmalıdır.

Üçüncüsü, hökumətlər dünyanın sürətlə artan enerji tələbatını bərpa olunan enerji hesabına qarşılamağı hədəfləməlidirlər. İri texnologiya şirkətləri də öz üzərlərinə düşən öhdəliyi yerinə yetirməlidirlər. 2030-cu ilə qədər data mərkəzlər günümüzdə Yaponiyanın istifadə etdiyi qədər elektrik enerjisi istehlak edə bilər. Şirkətlər bu mərkəzlərin bərpa olunan enerji ilə təmin olunmasına dair öhdəlik götürməlidir.

Dördüncüsü, biz enerji keçidində ədalət prinsipini təmin etməliyik. Bu, hələ də qalıq yanacaqlardan asılı olan icmaların təmiz enerjinin hakim olduğu gələcəyə hazırlanmasını, eləcə də olduqca vacib faydalı qazıntıların təchizat zəncirlərində islahatların aparılmasını tələb edir. Hazırda bu təchizat zəncirləri insan hüquqlarının pozulması və ətraf mühitin məhv edilməsi halları ilə müşayiət olunur, inkişaf etməkdə olan ölkələr isə dəyər zəncirinin ən aşağı pilləsində ilişib qalıb. Buna son qoyulmalıdır.

Beşincisi, biz ticarəti enerji transformasiyası üçün alətə çevirməliyik. Təmiz enerji üzrə təchizat zəncirləri yüksək dərəcədə təmərküzləşib və qlobal ticarət parçalanır. Yeni enerji erasına sadiq olan ölkələr təchizatın şaxələndirilməsi, təmiz enerji mallarına tətbiq olunan tariflərin azaldılması və investisiya sazişlərinin enerji keçidini dəstəkləyəcək şəkildə müasirləşdirilməsi üçün əməkdaşlıq etməlidirlər.

Sonuncusu, maliyyə vəsaitlərinin inkişaf etməkdə olan ölkələrə yönəldilməsini təmin etməliyik. Ötən il bərpa olunan enerji sahəsinə investisiyanın cəmi 2 faizi Afrikaya çatıb, halbuki dünyanın ən yaxşı günəş enerjisi resurslarının 60%-i məhz bu qitədə yerləşir. Borc ödənişlərinin inkişaf etməkdə olan ölkələrin büdcəsini tükətməsinin qarşısını almaq, çoxtərəfli inkişaf banklarının borcvermə qabiliyyətini əhəmiyyətli dərəcədə artırmaq və xeyli daha çox özəl maliyyə resurslarını cəlb etmək üçün beynəlxalq səviyyədə tədbirlər görülməlidir. Eyni zamanda, kredit reytinqi agentlikləri və investorlar da risk qiymətləndirmə yanaşmalarını müasirləşdirməli, təmiz enerji potensialını, iqlim böhranının yaratdığı xərcləri və dəyərsizləşən qalıq yanacaq aktivlərinin risklərini nəzərə almalıdırlar.

Yeni enerji erası – sərfəli, ekoloji təmiz və bol enerji resurslarının iqtisadi imkanlarla zəngin dünyanı təmin etdiyi, dövlətlərin enerji müstəqilliyinə nail olduğu və elektrik enerjisinin hər kəs üçün nemətə çevrildiyi bir dövr artıq üfüqdədir.

Bu, qlobal keçidi sürətləndirmək üçün əlimizə fürsətin keçdiyi andır. Gəlin, bu fürsəti dəyərləndirək", - Baş katib əlavə edib.

Xəbər lenti

Xəbər lenti