Bakı. Trend:
İyulun 23-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində yerli QHT-lərin BMT-ə inteqrasiyasına dəstək məqsədilə sonuncu – 12-ci təlim keçirilib.
Trend xəbər verir ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə BAMF tərəfindən icra olunan “Azərbaycan QHT-lərinin BMT-də təmsilçilik imkanlarının artırılmasına dəstək” layihəsi çərçivəsində iyulun 1-dən etibarən keçirilən təlimlərdə ümumilikdə 26 fərqli QHT-dən 30-dan çox nümayəndə iştirak edib.
BMT-nin İqtisadi və Sosial şurasında (ECOSOC) yerli QHT-lərin təmsilçilik imkanlarının artırılmasına həsr olunan “BMT-də akkreditasiya və tədbirlərdə iştirak” adlı son təlim BMT və onun qurumları ilə çoxillik əməkdaşlıq təcrübəsinə sahib olan, sahə üzrə beynəlxalq ekspert-təlimçi Nik Nvolisa tərəfindən keçirilib. Həmçinin, təlimin gedişində bir neçə QHT-nin ECOSOC-un elektron portalında qeydiyyatı tamamlanıb. Bundan əlavə layihənin davamında seçilmiş QHT-lərin sözügedən statusu əldə etmələri üçün müraciət prosesində də ECOSOC-da ən yüksək – Əsas məşvərətçi statusa sahib olan BAMF tərəfindən dəstək göstəriləcək.
Xatırladaq ki, sözügedən layihə çərçivəsində BMT-nin müqavilə və nizamnamə mexanizmlərinin öyrənilməsinə həsr olunan 6 dərslik ilk təlim proqramı insan hüquqları üzrə təlimçi-ekspert Sahib Məmmədov tərəfindən keçirilib.