Bakı. Trend:
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, SUP VC şirkətinin təşkilatçılığı ilə regionlarda “Innostart” layihəsinin inkubasiya mərhələsinin “DemoDay” tədbirləri uğurla baş tutub. “DemoDay” tədbirində yerli dövlət və özəl təşkilatların nümayəndələri, innovasiya sahəsindən ekspertlər və müxtəlif startap təsisçiləri qatılıblar.
“Innostart” inkubasiya proqramı çərçivəsində ümumilikdə 32 startap qurulub. Onların 29-u MVP (Minimum Viable Product) mərhələsinə yüksələrək, ilkin məhsullarını bazara təqdim etməyə hazırdırlar. Həmçinin, 14 startap artıq ilkin satış həyata keçirmiş və aktiv satış prosesləri davam etdirməkdədir. Regionlar üzrə startapların bölgüsü belədir: Sumqayıtda 10, Gəncədə 7, Lənkəranda 7, Naxçıvanda isə 8 startap fəaliyyət göstərir.
Proqram müddətində iştirakçılar üçün iki fərqli inkubasiya mərhələsi təşkil olunub. Bu mərhələlərdə onlara biznes modellərinin inkişafı, məhsulun təkmilləşdirilməsi, bazar araşdırması və investorlarla əlaqələrin qurulması kimi sahələrdə dəstək göstərilib. Ümumilikdə 24 müxtəlif təlim keçrilmiş, startapların bacarıqları artırılıb və bazar şərtlərinə uyğunlaşmaları təmin edilib. Bundan əlavə, iki fərqli istiqamətdə individual mentorluq proqramları həyata keçirilib ki, bu da layihələrin spesifik problemlərinin həllində iştirakçılara kömək edib.
Regional DemoDay tədbirləri startapların təqdimatları üçün geniş imkanlar təqdim edib. Növbəti mərhələdə startaplar öz ideyalarını “Grand DemoDay” tədbirində təqdim edəcəklər.“Grand DemoDay” tədbiri çərçivəsində çıxışı ilə fərqlənən ən yaxşı 4 startap ümumilikdə 50 000 manat mükafat qazanacaq. Bu, innovativ ideyaların dəstəklənməsi və reallaşdırılması üçün mühüm stimuldur.
Bu inkubasiya proqramları regionlarda startap ekosisteminin inkişafına, gənc təşəbbüskarların dəstəklənməsinə və innovasiya yönümlü iqtisadiyyatın formalaşmasına mühüm töhfə verir. Layihənin uğurla keçirilməsi gələcəkdə belə təşəbbüslərin genişləndirilməsi və innovativ layihələrin artmasına zəmin yaradır.