Bakı. Trend:
Qanazlığından şübhələnən valideynlər üçün ən vacib addımlardan biri, vaxtında pediatra müraciət edərək, düzgün laborator analizlər vasitəsilə uşağın qan göstəricilərininin yoxlanmasıdır.
Trend xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında canlı yayımda K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Xalidə Hacıyeva deyib.
Onun sözlərinə görə, bunun üçün ilk növbədə qanın ümumi analizi aparılır:
“Bu analiz vasitəsilə hemoglobinin səviyyəsi, eritrositlərin (qırmızı qan hüceyrələrinin) sayı, habelə onların ölçü və tərkibi müəyyən edilir. Əgər bu göstəricilərdə dəyişiklik varsa, həkim müvafiq olaraq qanda dəmir səviyyəsini, ferritin (dəmirin ehtiyat forması), ümumi dəmir bağlama qabiliyyəti və transferin vit b12 və fol turşusu kimi əlavə müayinələr təyin edə bilər. Bu müayinələr anemiyanın səbəbini dəqiqləşdirməyə kömək edir və həkimə doğru müalicə planı qurmağa imkan yaradır”.
Pediatr bildirib ki, qidalanma məsələsinə gəldikdə isə qanazlığının qarşısının alınmasında düzgün və balanslı qidalanma çox önəmlidir:
“Dəmir baxımından zəngin olan təbii məhsullar – xüsusilə mal əti, qaraciyər, yumurta sarısı, qara qarağat, ispanaq, yaşıl yarpaqlı tərəvəzlər, alma, nar, quru meyvələr (xüsusilə qaysı, əncir, kişmiş) və tam taxıllar uşaqların rasionuna daxil edilməlidir. Həmçinin, bu qidalarla yanaşı, dəmirin orqanizm tərəfindən daha yaxşı mənimsənməsi üçün C vitamini ilə zəngin portağal, limon, kivi kimi meyvələr də gündəlik menyuda yer almalıdır”.
X.Hacıyeva qeyd edib ki, bəzi qidalar isə dəmirin sorulmasını azalda bilər:
“Məsələn, qara çay, qazlı içkilər, südlü və çox kalsiumlu məhsullar dəmirin mənimsənilməsini zəiflədir. Buna görə də, dəmir tərkibli yeməklərlə birlikdə bu qidaların istifadəsinə diqqət yetirilməlidir. Unutmaq olmaz ki, hər bir uşaq fərdidir və qanazlığına səbəb olan amillər müxtəlif ola bilər. Ona görə də, mütləq şəkildə həkimə müraciət olunmalı, analiz nəticələrinə uyğun fərdi yanaşma seçilməlidir. Profilaktik tədbir kimi isə düzgün qidalanma və vaxtında tibbi nəzarət əsas rol oynayır”.