Bakı. Trend:
Transfer çalışmalarını sürətləndirən "Neftçi" heyətini gücləndirmək məqsədilə fəal şəkildə yeni futbolçular axtarışındadır.
Bu barədə Trend-ə "Neftçi"nin mətbuat xidmətində olan mənbə məlumat verib.
"ağ-qaralar"a təklif olunan futbolçuların sayı çox olsa da, baş məşqçi Samir Abasov yalnız müəyyən oyunçuların komandaya qoşulmasını istəyir.
Onlardan biri artıq məlumdur – Falaye Sako.
30 yaşlı müdafiəçi hazırda Fransanın "Monpelye" klubunun futbolçusudur və "Neftçi"nin maraq dairəsindədir. Transferin baş tutub-tutmayacağı yaxın günlərdə dəqiqləşəcək.
Qeyd edək ki, bir qədər öncə "Neftçi" rumıniyalı sağ cinah müdafiəçisi Kristian Kostin ilə 1+1 illik müqavilə imzalayıb. Klubun heyətini gücləndirmək istiqamətində işləri davam edir.