...

İsveçrə şirkəti bp ilə Səngəçal terminalının elektrikləşdirilməsinə dair müqavilə imzaladı

Energetika Materials 23 İyul 2025 09:47 (UTC +04:00)
İsveçrə şirkəti bp ilə Səngəçal terminalının elektrikləşdirilməsinə dair müqavilə imzaladı
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

İsveçrənin ABB şirkəti Səngəçal terminalının elektrikləşdirilməsi və enerji sisteminin dayanıqlılığına dəstək üzrə bp-dən müqavilə əldə edib.

Trend xəbər verir ki, bu barədə şirkətdən bildirilib.

“Azərbaycanın milli enerji sisteminə qoşulması Səngəçal terminalının elektrikləşdirilməsinə imkan verəcək. Terminalın sahəsi 688 hektardan çoxdur – bu, 800-dən artıq futbol meydançasına bərabərdir. 2024-cü ilin sentyabrında terminalın operatoru ilə imzalanmış beşillik qlobal çərçivə sazişi çərçivəsində ABB şirkəti terminalın xüsusiyyətlərini nəzərə almaqla hazırlanmış dörd sinxron kompensator tədarük edəcək və onları inteqrasiya edəcək. Bu isə mövcud qaz turbinlərinin istismardan çıxarılmasına imkan verəcək”, – deyə şirkətin məlumatında bildirilir.

Məlumata görə, ABB-nin inteqrasiya olunmuş həlli terminal üçün tələb olunan sinxron kompensatorların sayını azaltmağa imkan verəcək ki, bu da layihənin ümumi dəyərini əhəmiyyətli dərəcədə azaldacaq. Kompensatorların fəaliyyətinə nəzarət və idarəetmə məqsədilə “ABB Ability™ System 800xA® (DCS)” paylanmış idarəetmə sistemindən istifadə olunacaq.

ABB-nin sinxron kompensatorları kompakt ölçüləri ilə seçilir və enerji sistemlərinin və elektrik şəbəkələrinin səmərəli və etibarlı işləməsini təmin edir. Bu qurğular qısaqapanma gücü, inersiya və reaktiv güc təqdim etməklə elektrik şəbəkələrinin dəstəklənməsi üçün nəzərdə tutulub və bərpa olunan enerji mənbələrinin inteqrasiyası zamanı enerji sistemlərinin sabitliyinin təmin edilməsində getdikcə daha mühüm rol oynayır.

Azərbaycanın enerji sistemi iqlim hədəflərinə çatmaq üçün tədricən aşağı karbonlu enerji mənbələrini inteqrasiya edir – 2030-cu ilədək bərpa olunan enerji mənbələrinin ümumi gücdəki payının 30%-ə çatdırılması və 2050-ci ilə qədər istixana qazı emissiyalarının 40% azaldılması planlaşdırılır. Ölkənin enerji təminatında bərpa olunan enerji mənbələrinin payı 2022-ci ildəki altı faizdən 2023-cü ildə səkkiz faizə yüksəlib.

ABB-nin müqavilə üzrə öhdəliyi ilkin sistem tədqiqatlarından tutmuş ətraflı layihələndirmə, quraşdırma və istismara verməyə qədər bütün mərhələləri əhatə edir. Şirkətin elektrikləşdirmə və avtomatlaşdırma sahəsindəki həlləri Səngəçal terminalının dayanıqlı və fasiləsiz fəaliyyəti üçün əsas rol oynayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti