...

Azərbaycanda fəaliyyət göstərən Çexiya şirkətlərinin sayı açıqlanıb

İqtisadiyyat Materials 22 İyul 2025 17:10 (UTC +04:00)
Azərbaycanda fəaliyyət göstərən Çexiya şirkətlərinin sayı açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Çexiya iqtisadi-ticarət əlaqələrinin inkişafı istiqamətində müzakirələr aparılıb.

Bu barədə Trend İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Belə ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun Çexiyaya səfəri çərçivəsində çexiyalı iş adamları ilə keçirilmiş dəyirmi masada biznes dairələri arasında əməkdaşlığın təşviqi haqqında müzakirələr aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Çexiyaya səfəri çərçivəsində Praqada bu ölkənin iş adamlarının iştirakı ilə dəyirmi masa keçirilib.

Nazir Azərbaycan ilə Çexiya arasında münasibətlərin qarşılıqlı etimada və ortaq strateji prioritetlərə əsaslandığını vurğulayıb. Qeyd olunub ki, 2015-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat uzunmüddətli əməkdaşlığın inkişafı baxımından önəm kəsb edir.

Çexiya ilə iqtisadi-ticarət əlaqələri inkişaf edir. Məlumata görə, 2025-ci ilin yanvar-iyun aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi təxminən 485 milyon ABŞ dolları təşkil edib.

Bildirilib ki, investisiya sahəsində əməkdaşlıq üçün geniş perspektivlər var. 2011-ci ildə imzalanmış "İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş" birgə layihələr, həmçinin kapital axını üçün möhkəm hüquqi baza yaradır. Qeyd edilib ki, Çexiyaya məxsus 25 şirkət Azərbaycanda kənd təsərrüfatı, sənaye, nəqliyyat, tikinti, ticarət və xidmət sahələrində fəaliyyət göstərir.

Görüşdə Çexiya ilə enerji, nəqliyyat, sənaye, ticarət və digər istiqamətlər üzrə səmərəli əməkdaşlıq potensialı diqqətə çatdırılıb. Azərbaycanın əlverişli biznes və investisiya mühiti, Ələt azad iqtisadi zonası, sənaye parkları və azad edilmiş ərazilərimizdə investorlar üçün yaradılmış imkanlar, nəqliyyat-tranzit potensialı haqqında məlumat verilib, çexiyalı iş adamları fəal əməkdaşlığa dəvət olunub.

Tədbirdə Çex Respublikasının Sənaye və Ticarət Nazirliyinin Avropa İttifaqı və Xarici Ticarət Bölməsinin baş direktoru David Müller ölkəsinin Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini vurğulayıb. Müxtəlif istiqamətlər üzrə tərəfdaşlıq, o cümlədən, ölkələrimizin işgüzar dairələri arasında işbirliyinin gücləndirilməsi üçün geniş imkanlar qeyd olunub. Çex şirkətlərinin ölkəmizlə əməkdaşlıqda maraqlı olduğu bildirilib.

Dəyirmi masada işgüzar münasibətlərin təşviqi haqqında müzakirələr aparılıb.

Tədbirdə Çexiyanın “Chemoprojekt”, “Czechoslovak Group”, “Mavel”, “Omnipol”, “Shkoda”, “TES VSETIN”, “VSL Group Activities” şirkətlərinin fəaliyyəti və istehsal etdiyi məhsullara dair təqdimatlar keçirilib, suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti