Bakı. Trend:
Rusiya ilə Ukrayna arasında danışıqların yeni raundu bu həftə İstanbul şəhərində keçiriləcək və Türkiyə ölkələr arasında dialoqun davam etdiriləcəyinə ümid bəsləyir.
Trend xəbər verir ki, bunu Türkiyənin XİN rəhbəri Hakan Fidan keçirdiyi mətbuat konfransında bildirib.
“ Bu həftə İstanbulda intensiv diplomatik trafik olacaq. İnşallah bu həftə Rusiya Federasiyası və Ukraynadan olan nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu keçiriləcək”, - deyə Fidan bildirib.
"Türkiyənin məqsədi – dialoqun davam etdirilməsinə və etimadın artırılması istiqamətində addımların atılmasına töhfə verməkdir", – deyə o əlavə edib.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı Moskva ilə Kiyev arasında keçiriləcək üçüncü danışıqlar raundundan möcüzə gözləməməyi tövsiyə edib.
Qeyd edək ki, ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqların iyulun 23-də Türkiyədə keçiriləcəyini bildirmişdi.