...

Azərbaycan ABŞ-dən məhsul idxalını iki dəfə artırıb

İqtisadiyyat Materials 23 İyul 2025 09:28 (UTC +04:00)
Azərbaycan ABŞ-dən məhsul idxalını iki dəfə artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycanla Amerika Birləşmiş Ştatları (ABŞ) arasında ticarət əməliyyatlarının həcmi 593,7 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 157,2 milyon ABŞ dolları və ya 36% çoxdur.

Hesabat dövründə ABŞ ilə ticarət əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyyəsinin 2,43%-i həcmində olub. Bununla da ABŞ Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 7-ci yerdə qərarlaşıb.

Cari ilin yanvar-iyun aylarında Azərbaycandan Amerika Birləşmiş Ştatlarına (ABŞ) 38,1 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 126,4 milyon ABŞ dolları və ya 4,3 dəfə azdır.

Eyni zamanda, 2025-ci ilin yanvar-iyun aylarında ABŞ-dən Azərbaycana 555,6 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 283,6 milyon ABŞ dolları və ya 2 dəfə artım deməkdir. Bu göstərici ilə ABŞ Azərbaycanın məhsul idxal etdiyi ölkələr sırasında 4-cü pillədə qərarlaşıb.

Bundan başqa, 2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycandan Amerika Birləşmiş Ştatlarına 37,7 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub. Bu isə 2024-cü ilin ilk 6 ayı ilə müqayisədə 126,4 milyon ABŞ dolları və ya 4,3 dəfə azdır.

Hesabat dövründə ABŞ-yə qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracında 2,15% paya sahib olub. Bununla da sözügedən ölkə Azərbaycanın ən çox qeyri-neft məhsulları alıcıları arasında 8-ci yerdə mövqe tutub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 2,632 milyard ABŞ dolları və ya 12,1% çoxdur.

Xarici ticarət dövriyyəsinin 12,878 milyard ABŞ dolları ixracın, 11,522 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,2% azalıb, idxal isə 29,9% artıb.

Nəticədə, xarici ticarətdə 1,356 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,677 milyard ABŞ dolları və ya 3 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti