Bakı. Trend:
Qanazlığı vaxtında aşkarlandıqda və düzgün müdaxilə olunduqda uşağın sağlam inkişafı bərpa olunur və fəsadların qarşısı alınır.
Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda nazirliyin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Xalidə Hacıyeva bildirib ki, qanazlığı, xüsusilə 6 aydan 5 yaşa qədər olan uşaqlarda daha çox müşahidə olunur:
“Bu yaş dövrü uşağın orqanizminin daha intensiv böyüməsi ilə əlaqədar dəmir və digər qida maddələrinə olan ehtiyacın artdığı bir mərhələdir”.
Onun sözlərinə görə, bu dövrdə uşaqların əlavə qidaya keçidi, qida vərdişlərinin formalaşması düzgün aparılmaması nəticəsində uşaqda dəmir çatışmazlığı yarada bilir: “Məktəb yaşlı uşaqlarda da bənzər problemlər, xüsusilə qeyri-sağlam qidalanma vərdişləri səbəbindən ortaya çıxır”.
Pediatrq bildirib ki, valideynlər ev şəraitində diqqətli olduqda qanazlığının ilkin əlamətlərini hiss edə bilərlər: “İlkin olaraq uşaqlarda iştahasızlıq olur, tez yorulur, daha çox halsız görünür və oyun oynamaq istəmir. Üzündə və dodaqlarında solğunluq nəzərə çarpır, iştahası zəifləyir, saçları tökülür, dərisi quruyur. Bəzən uşaq torpaq, kağız, buz kimi qida olmayan əşyaları yeməyə meyilli ola bilər. Belə hallar valideyn üçün xəbərdarlıq siqnalı olmalı və mütləq həkimə müraciət edilməlidir”.
X.Hacıyeva qeyd edib ki, qan analizi vasitəsilə dəmirin səviyyəsi və qan göstəriciləri yoxlanılaraq diaqnoz təsdiqlənə bilər: “Qanazlığı vaxtında aşkarlandıqda və düzgün müdaxilə olunduqda uşağın sağlam inkişafı bərpa olunur və fəsadların qarşısı alınır”.