Bakı. Trend:
İslam bankçılığının ölkədə tətbiqi ilə bağlı hər bir detal, risk və s. amillər nəzərə alınmalıdır. Bu bank modelinin tətbiqi inanılmaz dərəcədə böyük bir işdir. Əvvəlcə ölkədə İslam bankçılığına tələbatı qiymətləndirməliyik.
Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bu bank modeli üzrə müvafiq qanunvericilik tədbirlərinin formalaşdırılması, araşdırmaların aparılması, təhlillər tək Mərkəzi Bankın deyil, bir neçə qurumun işidir:
"Hazırda Mərkəzi Bank İslam İnkişaf Bankı ilə birlikdə sukuk emissiyası sahəsində əməkdaşlıq edir. Onun əsasında qanunvericilik paketi hazırlanır. Həmçinin, ümumi İslam bankçılığı üzrə bazarda tələbatın öyrənilməsi üçün "İslam pəncərəsi" üzərində çalışırıq. Biz "İslam pəncərəsi"ni yaradırıq ki, cari fəaliyyət göstərən banklar İslam bankçılığına məxsus olan depozit kredit məhsulları təklif etsinlər. Bununla biz bu bank modelinə tələbi müəyyənləşdirəcəyik".
"2022-ci ildə apardığımız qiymətləndirməyə görə, İslam bankçılığının təklif etdiyi kreditlərin potensial həcmi 300 milyon manat idi. Ümumi sektorun kredit portfelinin qarşısında bu rəqəm cüzidir. "İslam pəncərəsi" ilə biz tələbi qiymətləndirəcəyik. Amma hələlik bu tələbi görmürük", - deyə sədr vurğulayıb.
Qeyd edək ki, İslam bankçılığında faiz sistemi yoxdur. Müasir bank qaydalarına əsasən, banka vəsait qoyuruq və bunun konkret faizini alırıq. İslam yanaşmasında isə faizlərin alınması qəbuledilməzdir. İslam bankçılığının modeli odur ki, siz banka pulu yatırırsınız, bank həmin məbləği hər hansı işə yatırır. Sonda əldə olunan gəlir tərəflər arasında bölünür. Razılaşırlar ki, biznesdən əldə olunan gəlirin filan hissəsi pulu yatıran şəxsə, digər hissəsi isə banka veriləcək. İslam bankında mühüm məqamlardan biri də pul yatıran şəxsin ziyana da şərik olmasıdır. Bu sistemdə həm zərərdə, həm də qazancda şəriklik anlayışı var. Əsas məqsəd və hədəf ondan ibarətdir ki, tərəflərdən hansısa biri zərər görməsin. Malayziya, İndoneziya, Türkiyə və başqa ölkələrdə belə banklar fəaliyyət göstərir.