Bakı. Trend:
Qazaxıstan dəmir yollarının törəmə şirkəti olan “KTZ Express” Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu ilə Şansi (Çin) əyalətindən Azərbaycana ilk konteyner qatarının multimodal daşınmasını həyata keçirib.
Trend bu barədə Qazaxıstan Dəmir Yollarının mətbuat xidmətinə istinadən xəbər verir.
“Qatar Cinçjun şəhərində yerləşən "Jundin" logistik mərkəzində formalaşdırılıb. Ona 50 ədəd standart konteynerdən ibarət, ümumi çəkisi 1150 tondan çox olan fotoelektrik modullar dəsti daxil olub. Tərkib Qazaxıstan ərazisindən tranzitlə keçərək, Aktau limanına çatdırılıb, oradan isə yük dəniz nəqliyyatı vasitəsilə Azərbaycana göndərilib”, – deyə məlumatda qeyd olunub.
Şirkət nümayəndələri bildiriblər ki, Çinin şimalından Orta Dəhlizlə yeni marşrutun istifadəyə verilməsi TBNM-in artan əhəmiyyətini nümayiş etdirir, həmçinin, Qazaxıstanın Avrasiya logistikasında əsas tranzit halqa kimi mövqeyini möhkəmləndirir.
“Qazaxıstan Dəmir Yolları Çindən MDB ölkələri, Qafqaz, Türkiyə və Avropaya yüklərin etibarlı və sürətli çatdırılmasını təmin etməklə multimodal həlləri inkişaf etdirməyə davam edir”, – deyə mətbuat xidmətindən əlavə edilib.
KTZ Express - Qazaxıstan Dəmir Yollarının törəmə şirkətidir. Şirkət daxili və beynəlxalq yükdaşımaların təmin olunması, o cümlədən, logistika üzrə ixtisaslaşıb.