Bakı. Trend:
Almaniya Ukraynanın “Patriot” zenit-raket kompleksləri ilə tədarükü ilə bağlı ABŞ-nin üzərinə öhdəlik götürməsini tələb edib.
Trend xəbər verir ki, Berlinin rəsmi Vaşinqtona qoyduğu şərtlə bağlı Almaniyanın müdafiə naziri Boris Pistorius “Der Spiegel” dərgisinə müsahibəsində danışıb.
"Biz sarsılmaz öhdəliklər tələb edirik və gözləyirik ki, NATO yenidən ABŞ-a müraciət edəcək və Patriot sistemlərinin istehsalçısına aydın şəkildə bildirəcək ki, bu sistemləri təhvil verəcək ölkələr mümkün qədər qısa müddətdə yenilərini əldə etməlidirlər. Söhbət illərdən deyil, aylardan gedir", – deyə Almaniyanın müdafiə naziri vurğulayıb.
Pistorius izah edib ki, "belə yanaşma Şimali Atlantika Alyansının maraqlarına cavab verir", çünki "söhbət Almaniyanın və onun müttəfiqlərinin təhlükəsizliyindən gedir".
O, həmçinin digər Avropa ölkələrini əlavə Patriot sistemlərinin maliyyələşdirilməsində iştirak etməyə çağırıb.