Bakı. Trend:
Çindən Türkiyəyə Orta Dəhliz marşrutu üzrə hərəkət edən Çin–Avropa yük qatarlarının çatma müddəti 15 günə qədər qısalıb.
Trend-in Türkiyə Prezident Administrasiyası yanında Kommunikasiya İdarəsinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin nəqliyyat və infrastruktur nazirinin müavini Ənvər İskurt İstanbulda keçirilən Avropaya qatarların yola salınması və qarşılanması mərasimində bildirib.
Tədbir çərçivəsində Çindən gəlmiş iki yük qatarı Polşanın Lodz şəhərinə və Macarıstanın paytaxtı Budapeştə yola salınıb.
“Qatarlardan biri Sincan bölgəsində yerləşən Alatav keçidi vasitəsilə 508 ton yükü Çinin Çendu şəhərindən Orta Dəhliz marşrutu ilə Türkiyənin Qars şəhərinə çatdırıb.
Xəzər dənizindəki hava şəraiti və uzunmüddətli gömrük prosedurları səbəbindən bu marşrutla yükdaşıma əvvəllər 20 gündən çox vaxt aparırdı. Çatdırılma müddətinin 15 günə endirilməsi Çin, Türkiyə və Avropa üçün mühüm addımdır”, - deyə nazir müavini vurğulayıb.
Ə.İskurt bildirib ki, növbəti hədəf Alatavla Qars arasındakı marşrut üzrə çatdırılma müddətini 10 günə endirməkdir.
Qeyd edək ki, 2015-ci ildə Türkiyə ilə Çin arasında Orta Dəhliz layihəsinin Çinin “Bir kəmər, bir yol” təşəbbüsü ilə uzlaşdırılması məqsədilə Anlaşma Memorandumu imzalanıb.