...

İT və rəqəmsal transformasiya üzrə qlobal lider olan ABŞ şirkəti “EPAM Systems” Azərbaycana gəlir

İqtisadiyyat Materials 12 Avqust 2025 10:36 (UTC +04:00)
İT və rəqəmsal transformasiya üzrə qlobal lider olan ABŞ şirkəti “EPAM Systems” Azərbaycana gəlir
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Rəqəmsal transformasiya və İT konsaltinq sahəsində dünya liderlərindən olan “EPAM Systems” şirkəti Azərbaycanda fəaliyyətə başlayacağını rəsmən elan edib.

Trend xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi məlumat yayıb.

Bildirilib ki, yaxın zamanda Bakıda açılacaq nümayəndəlik əməliyyat işləri ilə yanaşı, irimiqyaslı rəqəmsallaşma təşəbbüslərinin həyata keçirilməsini nəzərdə tutan innovasiya mərkəzi kimi də fəaliyyət göstərəcək. Əməkdaşlığın xüsusi istiqaməti süni intellekt sahəsini əhatə edəcək.

Belə ki, “EPAM Systems” şirkəti digər ölkələrdə həyata keçirilən layihələrdə öz effektivliyini sübut etmiş qabaqcıl həlləri ölkəmizdə tətbiq edəcək.

Şirkət Azərbaycanda dövlət xidmətlərinin rəqəmsallaşdırılmasında, “mygov” (o cümlədən mygov biznes) rəqəmsal xidmətlər ekosisteminin genişləndirilməsində və bu xidmətlərin səmərəliliyinin və əlçatanlığının artırılmasına yönəlmiş texnoloji həllərin tətbiqində fəal iştirak etməyi planlaşdırır. “EPAM Campus” platforması vasitəsilə yerli İT mütəxəssislərin hazırlanması və texnoloji səriştələrin inkişafı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və digər dövlət qurumları ilə birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət ayrılacaq. Əməkdaşlıq çərçivəsində proseslərin avtomatlaşdırılmasını asanlaşdıran, xidmətlərin dəqiqliyini və sürətini artıran, istifadəçi təcrübəsini təkmilləşdirən süni intellekt həllərinin inteqrasiyası nəzərdə tutulur.

Agentliyin sədri Fərid Osmanov qeyd edib ki: “EPAM Systems” şirkəti ilə tərəfdaşlıq rəqəmsal idarəçilik, süni intellekt və insan kapitalının inkişafı, o cümlədən İKT xidmətləri və texnologiya ixracı sahəsində ölkəmizin rolunun gücləndirilməsinə mühüm töhfə verəcək”.

“EPAM Systems” şirkətinin vitse-prezidenti Yuri Antanyuk: “Azərbaycan cəsarətli addımlar atan və rəqəmsallaşma sahəsində dinamik inkişaf edən ölkə olaraq diqqət çəkir. Şadıq ki, yerli istedadları qabaqcıl dünya təcrübəsi ilə bir araya gətirərək ölkənin rəqəmsal transformasiyasına öz töhfəmizi verə biləcəyik”.

“EPAM Systems” rəqəmsal platformaların hazırlanması, süni intellekt həllərinin tətbiqi və ümumilikdə rəqəmsal transformasiya üzrə ixtisaslaşmış dünyanın ən böyük texnologiya şirkətlərindən biridir. 62000-dən artıq mütəxəssisə malik “EPAM Systems” şirkəti 55-dən çox ölkədə təmsil olunur və “Fortune 500” siyahısına daxil olan dünyanın ən iri korporasiyalarına xidmət göstərir. 2012-ci ildən etibarən “EPAM Systems”in səhmləri Nyu-York Fond Birjasında satılır, şirkət 2021-ci ildən “S&P 500” indeksinə daxil olub. Bu, şirkətin miqyasını və qlobal iqtisadiyyat üçün nə dərəcədə əhəmiyyətli olduğunu sübut edir.

2024-cü ildə “EPAM Systems”in illik gəliri 4,7 milyard ABŞ dollarını ötüb. Rəqəmsal həllərin dayanıqlığı, çevikliyi və miqyaslana bilməsi şirkətə rəqəmsal iqtisadiyyatın çağırışlarına effektiv şəkildə uyğunlaşmağa, müştərilərinə sadəcə xidmət deyil, həm də kompleks strateji dəstək təqdim etməyə imkan verir.

Qeyd etmək lazımdır ki, “EPAM Systems” dövlət sektorunun rəqəmsallaşması sahəsində böyük təcrübəyə malikdir və Avropanın bir sıra ölkələrində, eləcə də Körfəz regionunda layihələr həyata keçirib. Böyük Britaniyada şirkət “ServiceNow” platforması vasitəsilə dövlət xidmətlərini modernləşdirir, Ukraynada “Diia” adlı rəqəmsal xidmətin hazırlanması və yenilənməsində iştirak edib, Birləşmiş Ərəb Əmirliklərində isə “DGE OneHub” platformasını istifadəyə verib. Bu layihələr xidmətlərin rəqəmsallaşdırılmasını, süni intellektin, bulud həllərinin və rəqəmsal platformaların tətbiqini əhatə etməklə yanaşı, “EPAM Systems”in qabaqcıl texnologiyanı dövlət idarəçiliyinin xüsusiyyətinə uyğunlaşdırmaq bacarığını nümayiş etdirir.

Azərbaycanda son illər rəqəmsal infrastrukturun inkişafı, elektron hökumət və süni intellekt texnologiyalarının tətbiqinin dəstəklənməsi istiqamətində ardıcıl strateji təşəbbüslər həyata keçirilir. Bu səylər eyni zamanda “EPAM Systems” kimi qlobal şirkətin Azərbaycanda nümayəndəlik açma qərarına təsir edən vacib faktorlardan olub. Ölkəmizdə rəqəmsallaşma dayanıqlı iqtisadi artımın hərəkətverici qüvvələrindən biri hesab edilir və “EPAM Systems”in ölkəmizə gəlməsi bu yanaşmaya olan yüksək etimadın göstəricisidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti