Bakı. Trend:
Beynəlxalq Valyuta Fondunun (BVF) iyul ayında dərc etdiyi “Qlobal İqtisadi İcmal” hesabatına əsasən qlobal iqtisadi artım tempinin 2025-ci ildə 3% və 2026-cı ildə 3.1% səviyyəsində olacağı proqnozlaşdırılır. Bu da 2000-2019-cu illər üzrə tarixi orta göstərici olan 3.7%-dən aşağıdır.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Proqnozlar 2025 və 2026-cı illər üzrə ötən proqnozla müqayisədə müvafiq olaraq 0.2% və 0.1% bəndi artırılıb.
"Proqnozların yüksəldilməsi yüksək tarif artımları fonunda gözləniləndən daha effektiv ilkin tədbirlərin görülməsi, ABŞ dollarının zəifləməsi ilə maliyyə şərtlərinin yaxşılaşması və bəzi əsas iqtisadiyyatlarda fiskal genişlənmə iləəlaqələndirilir. Ümumilikdə, iqtisadi artımın ötən illə müqayisədə aşağı olsa da 2025-26-cı illərdə davam edəcəyi gözlənilir. Bununla yanaşı qlobal inflyasiya proseslərinin ortamüddətli dövrdə bir qədər səngiyəcəyi proqnoz edilir. Bu azalma tempinin trayektoriyası 2025-ci ilin aprel ayında verilmiş proqnozlara olduqca yaxındır", - deyə məlumatda vurğulanıb.
Bildirilib ki, yenilənmiş hesabata əsasən öncəki proqnozda
nəzərdə tutulandan daha aşağı qlobal effektiv tarif dərəcəsinin
formalaşması və tariflərin tətbiqindən öncə güclü yüklənmənin
olması inkişaf etmiş ölkələr (İEÖ) və inkişaf etməkdə olan ölkələr
(İEOÖ) üzrə proqnozların yuxarı doğru dəyişdirilməsinə təkan
verib.
Ümumilikdə, İEÖ qrupu üzrə iqtisadi artım proqnozları 2025 və
2026-cı illər üzrə 0.1 faiz bəndi artırılaraq cari il üzrə 1.5%,
2026-cı il üzrə isə 1.6% səviyyəsində müəyyən olunub.
Qeyd edilib ki, proqnozlar cüzi artım istiqamətli olsa belə, İEÖ qrupunda iqtisadi artımın cari və növbəti illərdə ötən illə müqayisədə daha aşağı olacağı gözlənilir.
"ABŞ-də iqtisadi artımın 2025-ci ildə 1.9%, 2026-cı ildə isə 2% olacağı proqnoz edilir. Bu da ötən illə müqayisədə aşağı olsa da ötən proqnozla müqayisədə müvafiq olaraq 0.1 və 0.3 faiz bəndi yuxarıdır. Cari ildə proqnozun artırılmasının əsas səbəbləri tarif dərəcələrinin apreldə elan ediləndən daha aşağı səviyyədə qalması və maliyyə şəraitinin yumşalmasıdır.
Növbəti il üzrə artımı dəstəkləyəcək əsas amil isə fiskal sahədə qəbul edilən yeni qanun aktının vergi siyasəti vasitəsilə korporativ investisiyalara təsiridir.
Avrozona iqtisadiyyatının 2025-ci ildə 1%, 2026-cı ildə isə bir qədər yüksələrək 1.2% olacağı proqnoz edilir. Cari il üzrə proqnoz 0.2
faiz bəndi artırılıb. Artım, əsasən, İrlandiyada ilin I rübündə ÜDM-in yüksək artımı ilə əlaqədardır. 2026-cı il üzrə proqnozda hər hansı bir dəyişiklik edilməmiş, iqtisadiyyatın potensialına uyğun artacağı gözlənilir", - məlumatda bildirilib.
Vurğulanıb ki, İEOÖ üzrə iqtisadi artım proqnozları 2024-cü ildəki 4.3%-lik artımla müqayisədə hələ də aşağıdır. Proqnozların 2025-ci ildə 4.1%, 2026-cı ildə isə 4% olacağı gözlənilir.
Aprel hesabatı ilə müqayisədə iyulda proqnozlar müvafiq olaraq 0.4 və 0.1 faiz bəndi artırılıb.