...

Azərbaycanla Böyük Britaniya arasında ticarət dövriyyəsi iki dəfəyə yaxın artıb

İqtisadiyyat Materials 22 Dekabr 2025 19:19 (UTC +04:00)
Azərbaycanla Böyük Britaniya arasında ticarət dövriyyəsi iki dəfəyə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanla Böyük Britaniya arasında ticarət əməliyyatlarının həcmi 1,040 milyard ABŞ dolları təşkil edib.

Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 399,5 milyon ABŞ dolları və ya 1,6 dəfə çoxdur.

Hesabat dövründə Böyük Britaniya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 2,33%-i həcmində olub. Bununla da sözügedən ölkə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 7-ci pillədə qərarlaşıb.

Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan Böyük Britaniyaya 278,4 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 122,9 milyon ABŞ dolları və ya 30,6% azdır.

Dövr ərzində Böyük Britaniyaya ixrac edilən məhsulların 273,052 milyon ABŞ dollarını bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları təşkil edib. Bu dəyərdə sözügedən məhsulun ixracının həcmi isə 514,9 min ton təşkil edib. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan Böyük Britaniyaya ixrac edilmiş bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının dəyəri 117,8 min ABŞ dolları və ya 30,1%, həcmi isə 135,2 min ton və yaxud 20,8% azalıb.

Hesabat dövründə Böyük Britaniyadan Azərbaycana isə 762,1 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 522,4 milyon ABŞ dolları və ya 3,2 dəfə artım deməkdir. Bununla da hesabat dövründə Böyük Britaniya Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında 6-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycandan xaricə ümumilikdə 8,117 milyard ABŞ dolları dəyərində 22,804 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 513,275 milyon ABŞ dolları və ya 6,7% çox, həcm baxımından isə 718 milyon kubmetr və ya 3% azdır.

Dövr ərzində təbii qazın ölkənin ümumi ixracında payı 34,69%-ə bərabər olub.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 44,589 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,480 milyard dollar və ya 3,4% çoxdur.

Xarici ticarət dövriyyəsinin 23,401 milyard ABŞ dolları ixracın, 21,188 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 937 milyon dolar və ya 3,8% azalıb, idxal isə 2,416 milyard dollar və ya 12,9% artıb.

Yekunda xarici ticarətdə 2,213 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3,353 milyard dollar və ya 2,5 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti