...

EİB Azərbaycanda Orta Dəhlizlə bağlı layihələri maliyyələşdirməyə hazırdır (ÖZƏL)

İqtisadiyyat Materials 23 Dekabr 2025 18:18 (UTC +04:00)
EİB Azərbaycanda Orta Dəhlizlə bağlı layihələri maliyyələşdirməyə hazırdır (ÖZƏL)
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İnvestisiya Bankı (EIB) “EIB Global” vasitəsilə Avropa İttifaqının prioritetlərinə və “Global Gateway” strategiyası, eləcə də Aİ-nin Qara dəniz regionuna dair yeni Strateji Yanaşması çərçivəsində ölkənin əlaqəlilik sahəsində məqsədlərinə uyğun olduğu təqdirdə, Azərbaycanda infrastruktur və logistika layihələrinin maliyyələşdirilməsinə açıqdır.

Bu barədə Trend-ə EIB-in Cənubi Qafqaz üzrə Regional Nümayəndəliyinin (Tbilisi) rəhbəri Stella Renita bildirib.

Azərbaycan Orta Dəhlizin mühüm həlqəsidir

Rəhbərin sözlərinə görə, Azərbaycan Orta Dəhliz boyunca mühüm rol oynayır, çünki o həm genişləndirilmiş Trans-Avropa Nəqliyyat Şəbəkəsinə (TEN-T) daxildir, həm də Transxəzər nəqliyyat dəhlizinin bir hissəsidir.

“Dəmir yolu, liman və avtomobil infrastrukturlarının daha sıx inteqrasiyası üçün əhəmiyyətli potensial mövcuddur ki, bu da Mərkəzi Asiya ilə Avropa arasında əlaqələrin yaxşılaşdırılmasına, tranzit vaxtının azaldılmasına və daha şaxələndirilmiş ticarət marşrutlarının dəstəklənməsinə imkan verəcək.

EIB artıq Orta Dəhlizin əsas hissəsi olan Bakı–Böyük Kəsik dəmir yolu dəhlizi üzrə təhlükəsizliyin artırılmasına dair məsləhət dəstəyi göstərməklə bu prosesdə iştirak edir. Bu işlər Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və EIB tərəfindən idarə olunan Şərq Tərəfdaşlığının Əlaqəlilik üzrə İnvestisiya Mexanizmi (Facility for Eastern Partnership Investment in Connectivity) çərçivəsində həyata keçirilib. Sözügedən tapşırığın icrası əməliyyat təhlükəsizliyinin artırılması, səyahət vaxtının və emissiyaların azaldılması, eləcə də Aİ-nin ekoloji və texniki standartlarına uyğunluğun təmin edilməsi hesabına layihələrin hazırlanmasına töhfə verib”, – deyə o qeyd edib.

EIB Orta Dəhlizə özəl investisiyaların cəlb edilməsi mexanizmləri barədə

S. Renita vurğulayıb ki, özəl investisiyaların cəlb edilməsi Aİ-nin “Global Gateway” yanaşmasının əsas məqsədlərindən biridir.

Onun sözlərinə görə, bu kontekstdə EIB uyğun şərtlər mövcud olduqda, əlaqəlilik sahəsində strateji əhəmiyyətli layihələrə özəl kapitalın səfərbər edilməsi üçün geniş maliyyə alətlərindən istifadə edə bilər.

“Bu alətlərə uzunmüddətli kreditlər, layihə maliyyələşdirilməsi strukturları, habelə Aİ-nin (2021–2027-ci illər üçün əsas xarici maliyyə aləti olan )“NDICI–Global Europe” proqramı çərçivəsində büdcə zəmanətləri ilə təmin edilən qarışıq maliyyələşdirmə (blended finance) və risklərin bölüşdürülməsi üzrə həllər daxildir. Bu alətlər risklərin azaldılmasına, layihələrin investisiya cəlbediciliyinin artırılmasına və onların bank uyğunluğunun yaxşılaşdırılmasına yönəlib, bununla da infrastruktur investisiyalarını özəl investorlar üçün daha cəlbedici edir”, – deyə o əlavə edib.

EIB Azərbaycan üzərindən multimodal marşrutların genişləndirilməsi potensialını görür

Rəhbər bildirib ki, Azərbaycan şərq–qərb marşrutları üzrə əsas tranzit qovşağa çevrilmək və Aİ-nin əlaqəlilik sahəsində prioritetlərinə uyğun olaraq Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında daha güclü multimodal əlaqələrin inkişafına töhfə vermək potensialına malikdir.

“EIB baxımından əsas diqqət dəmir yolları, limanlar və avtomobil yolları kimi müxtəlif nəqliyyat növləri arasında qarşılıqlı əlaqəni yaxşılaşdıran, eyni zamanda onların səmərəliliyini, təhlükəsizliyini və dayanıqlığını artıran investisiyalara yönəldilir. Aşağı karbonlu nəqliyyatı, regional inteqrasiyanı və Avropa texniki, ekoloji və əməliyyat standartlarına uyğunluğu dəstəkləyən layihələrə xüsusi əhəmiyyət verilir ki, bu da Avropaya və Avropadan davamlı ticarət axınlarının təmin edilməsinə töhfə verir”, – deyə o qeyd edib.

EIB Orta Dəhlizin səmərəliliyinin artırılması üçün rəqəmsallaşmanı dəstəkləyir

Stella Renita xüsusilə vurğulayıb ki, rəqəmsallaşma Aİ-nin “Global Gateway” strategiyasının əsas prioritetlərindən biridir və fiziki infrastrukturun mühüm tamamlayıcısıdır.

“EIB nəqliyyat və logistika sahəsində rəqəmsal həllərin tətbiqini dəstəkləyir. Buraya intellektual nəqliyyat sistemləri, yükdaşımalar üçün rəqəmsal həllər, liman informasiya sistemləri, eləcə də məlumatların şəffaflığını, izlənə bilənliyini və sərhəd prosedurlarının səmərəliliyini artıran alətlər daxildir.

Orta Dəhliz kimi dəhlizlər boyunca rəqəmsal həllər dar boğazların aradan qaldırılmasında, idarəetmənin gücləndirilməsində və dəhlizin ümumi səmərəliliyinin artırılmasında mühüm rol oynaya bilər. EIB-in bu sahədə istənilən iştirakı Aİ-nin rəqəmsal və idarəetmə standartlarına tam uyğun olacaq və milli dövlət qurumları, Avropa Komissiyası və digər müvafiq maraqlı tərəflərlə sıx əməkdaşlıq şəraitində həyata keçiriləcək”, – deyə o yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti