Bakı. Trend:
Azərbaycanda neft və digər maye karbohidrogenlərin hasilatının həm 2026, həm də 2027-ci illərdə orta hesabla sutkada 0,54 milyon barel təşkil edəcəyi gözlənilir.
Trend bu barədə ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) 2026-cı ilin yanvar ayı üçün qısamüddətli enerji proqnozuna istinadən məlumat verir.
Proqnoza əsasən, bu göstərici 2025-ci il üçün qiymətləndirilən sutkada 0,57 milyon barel səviyyəsi ilə müqayisədə azalacaq.
Rüblər üzrə bölgüdə EIA 2025-ci ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatını birinci və ikinci rüblərdə sutkada 0,57 milyon barel, üçüncü və dördüncü rüblərdə isə 0,56 milyon barel səviyyəsində qiymətləndirir.
EIA-nın hesablamalarına görə, 2026-cı ildə hasilat birinci rübdə orta hesabla sutkada 0,55 milyon barel olacaq, ikinci rübdə 0,54 milyon barelə, üçüncü və dördüncü rüblərdə isə 0,53 milyon barelə enəcək.
Oxşar dinamika 2027-ci il üçün də proqnozlaşdırılır: birinci rübdə hasilatın sutkada 0,55 milyon barel, ikinci rübdə 0,54 milyon barel, ilin ikinci yarısında isə 0,53 milyon barel səviyyəsində olacağı gözlənilir ki, bu da orta illik göstəricinin sutkada 0,54 milyon barel olmasını təmin edəcək.
Bu arada, Azərbaycanın Energetika Nazirliyinin məlumatına görə, hesabat dövründə ölkədə qaz kondensatı da daxil olmaqla 27,7 milyon ton neft hasil edilib. Bu həcmin 16,2 milyon tonu “Azəri–Çıraq–Günəşli” (AÇG) yataqlarının, 3,8 milyon tonu “Şahdəniz”in, 0,6 milyon tonu “Abşeron” yatağının, 7,1 milyon tonu isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payına düşüb.
Hesabat dövründə qaz kondensatı da daxil olmaqla 23,1 milyon ton neft ixrac edilib. Bu həcmin 20 milyon tonu konsorsiumların, 2,5 milyon tonu SOCAR-ın, 0,6 milyon tonu isə JOCAP-ın payına düşüb.
