...

Azərbaycan-İtaliya iqtisadi dialoqu - enerji ixracından regional inteqrasiyaya

İqtisadiyyat Materials 14 Yanvar 2026 14:50 (UTC +04:00)
Azərbaycan-İtaliya iqtisadi dialoqu - enerji ixracından regional inteqrasiyaya
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

13 yanvar tarixində Bakıda keçirilmiş Azərbaycan–İtaliya hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının 6-cı iclası təkcə ikitərəfli dialoqun növbəti mərhələsi deyil, həm də Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropa arasında iqtisadi və geoiqtisadi arxitekturadakı struktur dəyişikliklərin göstəricisi olub.

İclasın sonunda imzalanmış protokol, habelə 2026–2027-ci illər üçün təsdiq edilmiş Tədbirlər Planı, 18 istiqamət üzrə 65 tədbiri əhatə etməklə, əməkdaşlığın əsasən energetika modeli üzərindən daha çox şaxələndirilmiş və institusional formada qurulmuş tərəfdaşlığa keçidini rəsmiləşdirib.

Cənub Qaz dəhlizi hələ də Azərbaycan–İtaliya münasibətlərinin təməl daşı olaraq qalır. İclasdan bir gün əvvəl Trend-ə özəl müsahibəsində İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli Avropanın enerji təhlükəsizliyinin transformasiyasında Azərbaycanın vacib rolunu birbaşa olaraq vurğulayıb.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya hərbi təcavüzünün başlamasından sonra Azərbaycan qazı İtaliya və bütövlükdə Avropa İttifaqı üçün son dərəcə mühüm əhəmiyyət kəsb etməyə başladı. 2020-ci ildə istismara verilmiş Trans-Adriatik Qaz Boru Kəməri ilə (TAP) artıq İtaliyaya 40 milyard kubmetr qaz çatdırılıb, Avropaya ümumi tədarük isə 54,3 milyard kubmetr təşkil edib ki, bunun da 45,4 milyard kubmetri məhz İtaliya bazarının payına düşür.

2025-ci ildə Azərbaycan İtaliyanın ikinci ən iri təbii qaz təchizatçısı və əsas neft təchizatçısı statusunu qoruyub, ölkəni 9,5 milyard kubmetr qaz (ölkənin ümumi qaz ixracının 38%-i) və 10,34 milyon ton neft təmin edib. İtaliya Azərbaycanın ümumi neft ixracının təxminən 45%-ini əldə edib və Bakının Avropadakı ən böyük enerji tərəfdaşı olaraq qalmaqdadır.

İtaliya özünü yalnız resursların son istifadəçisi kimi deyil, həm də Azərbaycanın daha geniş Avropa və Aralıq dənizi bazarına çıxışı üçün bir platforma kimi təqdim edir. İstehsalat baxımından Avropanın ikinci ən böyük iqtisadiyyatı olaraq bu ölkə faktiki olaraq 500 milyon istehlakçılı bazarı ilə Avropa İttifaqının cənub “qapısı” rolunu oynayır.

Azərbaycanın Dövlət Neft Fondunun (SOFAZ) İtaliya aktivlərinə marağının artması məhz bununla izah olunur. SOFAZ-ın İtaliyadakı investisiya portfelinin bazar dəyəri 2,8 milyard ABŞ dollarına çatıb. 2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycanın İtaliya iqtisadiyyatına birbaşa investisiyaları 118,6 milyon ABŞ dolları təşkil edib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur.

Bu istiqamətdə əlamətdar addım – İtaliyada 402 MVt gücündə günəş elektrik stansiyalarının portfelində 49% payın alınması barədə SOFAZ və “Enfinity Global” arasında bağlanmış saziş oldu. Bu aktivlər Lazio və Emilia-Romanya bölgələrində yerləşir və ildə təxminən 685 QVt/s “təmiz” elektrik enerjisi istehsal edəcək, CO₂ emissiyasını isə ildə təxminən 185 min ton azaldacaq. Bakı üçün bu yalnız maliyyə investisiyası deyil, həm də Avropa bərpa olunan enerji bazarına strateji girişdir.

Çirielli xüsusi olaraq qeyd edib ki, İtaliyanın bərpa olunan enerji sahəsindəki təcrübəsi Azərbaycanın enerji şaxələndirilməsində açar rol oynaya bilər. İtaliya bu gün bərpa olunan enerji sahəsində dünyanın ən böyük operatorlarından biridir və bu təcrübə tədricən Bakının regional layihələrinə inteqrasiya olunur.

İtaliyanın “CESI SpA” şirkəti artıq “Xəzər – Qara dəniz – Avropa” və “Mərkəzi Asiya – Azərbaycan” “yaşıl” enerji dəhlizləri üçün texniki-iqtisadi əsaslandırmaların hazırlanmasında iştirak edir. Bu layihələr regionun bərpaolunmayan yanacaqlardan asılılığını azaltmaqla, potensial olaraq Mərkəzi Asiya, Cənubi Qafqaz və Şərqi Avropa bərpa olunan enerji bazarlarını birləşdirə bilər. “Xəzər – Qara dəniz – Avropa” dəhlizinin mərhələli şəkildə istifadəyə verilməsi 2032-ci ildən gözlənilir.

Əgər İtaliya Azərbaycan üçün Avropaya açılan qapıdırsa, o zaman Azərbaycan özü də tədricən Roma üçün Mərkəzi Asiyaya giriş nöqtəsinə çevrilir. İtaliyanın Orta dəhlizə marağı Avropanın Asiya ilə nəqliyyat marşrutlarını şaxələndirmək istəyini əks etdirir.

Çiriellinin sözlərinə görə, Cənubi Qafqaz və Mərkəzi Asiya logistika baxımından strateji əhəmiyyət kəsb edir və infrastruktur layihələrinin həyata keçirilməsi eyni zamanda regionun iqtisadi inteqrasiyasına və siyasi stabilliyinə töhfə verə bilər. Bu kontekstdə İtaliya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə dəstəyini bildirir və bunu marşrutun tranzit potensialının gerçəkləşdirilməsi üçün vacib şərt hesab edir.

İtaliya şirkətləri artıq Orta dəhliz boyunca dəmir yolları, limanlar və avtomobil yollarının modernləşdirilməsi ilə bağlı layihələrdə, ələlxüsus da dəmir yolu sektorunda iştirak etməyə maraq göstərirlər.

Energetika və logistika sahələrindən başqa, tərəflər emal sənayesi, tullantıların idarə olunması, kənd təsərrüfatının modernləşdirilməsi, İKT, səhiyyə və əczaçılıq sahələrində əməkdaşlığı daha fəal şəkildə müzakirə edirlər. Bu istiqamətlər hökumətlərarası komissiyanın gündəliyində uzunmüddətli artım üçün potensial hərəkətverici faktorlar kimi əksini tapıb.

Maraqlıdır ki, enerji təchizatlarının nisbətən sabitləşməsinə baxmayaraq, ölkələr arasındakı ticarət dövriyyəsi artmaqda davam edir. 2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycan və İtaliya arasındakı ticarət dövriyyəsi 11,24 milyard ABŞ dollarına çataraq illik ifadədə 9% artıb. İtaliya Azərbaycanın xarici ticarət dövriyyəsinin 25%-dən çoxunu və onun ixracatının təxminən 47%-ni təmin edib.

Azərbaycan–İtaliya münasibətləri bu gün klassik “təchizatçı – istehlakçı” modeli çərçivəsini aşır. Enerji hələ də əsas dayağı təşkil edir, lakin onun üzərində tədricən daha mürəkkəb bir quruluş — investisiya, texnologiya və logistika elementi qurulur. Azərbaycan üçün İtaliya təkcə ən iri ticarət tərəfdaşı deyil, həmçinin Avropa İttifaqı və Aralıq dənizinə açılan körpüdür. Məhz bu iki tərəfli balans (resurslar, marşrutlar və bazarlar arasında) Avrasiya iqtisadi əməkdaşlığının yeni məntiqini formalaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti