Bakı. Trend:
Bakı Fond Birjası (BFB) ilə Qazaxıstan Fond Birjası (KASE) arasında regional “data hub”ın (məlumat mərkəzi) yaradılması üzrə fikir mübadilələri aparılıb.
Bunu Trend-ə müsahibəsində Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri Ruslan Xəlilov deyib.
“Qazaxıstan Fond Birjası (KASE) ilə texniki biliklərin bölüşdürülməsi və regional “data hub”ın (məlumat mərkəzi) yaradılması üzrə fikir mübadilələri aparılıb. Məqsəd Mərkəzi Asiya və Yaxın Şərq regionunda kapital bazarı məlumatlarının vahid platformada emal edilərək regional və beynəlxalq investorlara təqdim olunmasıdır. Bu layihə hələ ideya mərhələsindədir, lakin əməkdaşlıq niyyəti istisna edilmir", - o vurğulayıb.
R. Xəlilov, eyni zamanda bildirib ki, Özbəkistan və digər Mərkəzi Asiya ölkələri ilə təcrübə mübadiləsi aparılır:
"Bu bazarların inkişaf səviyyəsi bir-birinə yaxındır və texnoloji yeniliklər baxımından oxşar mərhələdəyik.
Ümumilikdə məqsədimiz Bakı Fond Birjasını regional və qlobal miqyasda görünürlüyü yüksək olan bir bazara çevirməkdir. Bu isə qlobal brokerlərin platformalarına BFB-də listinqdə olan alətlərin inteqrasiyası və texnoloji həllərlə mümkündür”.
