Bakı. Trend:
Dinamik iqtisadi inkişaf, açıq xarici siyasət və aparılan islahatlar Azərbaycanı iqtisadiyyat, energetika, turizm, rəqəmsallaşma və təhsil sahələrində İndoneziya üçün perspektivli tərəfdaşa çevirir.
Bunu Trend-ə özəl müsahibəsində İndoneziyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Berlian Helmi deyib.
“Bakıya gəlişimdan qabaq Azərbaycanı müxtəlif mənbələrdən öyrənmişdim və deyə bilərəm ki, bu, çox dinamik və enerji dolu ölkədir. Azərbaycan strateji əhəmiyyətə malikdir və İndoneziya üçün mühüm strateji tərəfdaşa çevrilə bilər”, – deyə diplomat qeyd edib.
Onun sözlərinə görə, ölkəyə verilən müsbət qiymət bir neçə amilə əsaslanır:
“Birincisi, Azərbaycan regionun sürətlə inkişaf edən, mütərəqqi iqtisadiyyata malik ölkəsidir. Azərbaycan çoxsaylı nailiyyətlər nümayiş etdirir və makroiqtisadi göstəricilər sabit artım əks etdirir.
İkincisi, hökumətin daxili siyasəti digər ölkələrlə əməkdaşlığa yönəlib. Azərbaycan, dünyanın müxtəlif dövlət və regionları ilə qarşılıqlı fəaliyyətə açıq olan bir ölkədir”.
Səfir əlavə edib ki, Azərbaycan dövlət siyasətində mühüm islahatlar və transformasiyalar həyata keçirib və bunlar artıq, xüsusilə iqtisadi sahədə, nəzərəçarpan nəticələr verib ki, bu da ölkənin gələcək inkişafı üçün perspektivlər yaradır.
“Əməkdaşlığa açıq olması sayəsində İndoneziya biznes, investisiya, ticarət, turizm və digər sahələrdə qarşılıqlı faydalı layihələrin həyata keçirilməsində Azərbaycanın strateji tərəfdaşı ola bilər. Ölkənin Asiya ilə Avropanın kəsişməsində yerləşən coğrafi mövqeyi Azərbaycanı İndoneziya üçün Avropa bazarlarına çıxış baxımından perspektivli haba çevirir. Eyni zamanda, Azərbaycan sosial və mədəni sahələrdə, xüsusilə gənclər arasında dinamik inkişaf nümayiş etdirir ki, bu da əməkdaşlıq üçün əlverişli şərait yaradır”, – deyə B. Helmi bildirib.
İkitərəfli əməkdaşlığın prioritetləri
İndoneziya səfiri vurğulayıb ki, onun ilk prioritet vəzifəsi ikitərəfli əməkdaşlığın institusional və siyasi infrastrukturunun formalaşdırılmasıdır:
“Bu, İndoneziya ilə Azərbaycan arasında qarşılıqlı fəaliyyət üçün kompleks strateji çərçivənin yaradılmasını əhatə etməlidir ki, bu da mövcud və gələcək əməkdaşlıq üçün təməl rolunu oynayacaq.
Bir nömrəli vəzifə hər iki ölkənin hökumətlərinin səylərini birləşdirmək və strateji tərəfdaşlığı rəsmi şəkildə sənədləşdirməkdir. Daha sonra iqtisadi və sosial sahələrin inkişafına diqqət yetirməyi planlaşdırıram.
İkinci prioritet isə ticarət dövriyyəsinin artırılması və mal və xidmətlər çeşidinin genişləndirilməsidir”.
O, indoneziya məhsulları üçün Azərbaycanın daxili bazarına daha geniş çıxışın təmin edilməsinin, eləcə də hər iki ölkənin sahibkarları arasında kommunikasiya, təmaslar və danışıqların sadələşdirilməsinin vacibliyini vurğulayıb.
“Bilik mübadiləsi mühüm aspektdir. Biznes icmaları ticarət və investisiyaların səmərəli inkişafı üçün bir-birinin potensialını və imkanlarını daha yaxşı anlamalıdır”, – deyə səfir qeyd edib.
Energetika: ənənəvi və yeni mənbələr
“Enerji sektorunda biz enerji resurslarının Azərbaycandan İndoneziyaya sabit tədarükünə, həmçinin ‘yaşıl’ enerji sahəsində əməkdaşlığa və enerji mənbələrinin şaxələndirilməsinə diqqət yetirəcəyik.
Mühüm istiqamətlərdən biri ərzaq təhlükəsizliyidir. Biz İndoneziyanın kənd təsərrüfatı üçün son dərəcə vacib olan gübrələrin etibarlı tədarükçüsü kimi Azərbaycana ümid edirik”, – deyə səfir bildirib.
Diplomat həmçinin su ehtiyatlarının dayanıqlılığı və su təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb. “Azərbaycan, o cümlədən Xəzər dənizinin suyunun şirinləşdirilməsi texnologiyaları da daxil olmaqla, təmiz içməli su ilə təminat sahəsində geniş təcrübəyə malikdir və bu istiqamətdə əməkdaşlığın inkişafı bizim üçün vacibdir”, – deyə o əlavə edib.
Təhsil məsələlərinə toxunan səfir qeyd edib: “Sənaye 4.0 kontekstində bizi texnoloji və elmi əməkdaşlıq, xüsusilə STEM istiqamətləri - elm, texnologiya, mühəndislik və riyaziyyat maraqlandırır”.
Rəqəmsallaşma transformasiya aləti kimi
“Ən geniş mənada rəqəmsallaşma transformasiya konsepsiyasıdır. İqtisadi və sosial kontekstdə baxdıqda, məhz bu istiqamətlərdə Azərbaycanla əməkdaşlığı inkişaf etdirməliyik. Əsas məqsəd rəqəmsal texnologiyalar vasitəsilə transformasiyanı sürətləndirmək və iqtisadi səmərə əldə etməkdir.
İndoneziya məhsullarının Azərbaycan bazarında müasir rəqəmsal platforma və alətlər vasitəsilə təşviqi vacibdir. Buna görə də mənim vəzifələrimdən biri ölkələrimiz arasında ticarət və biznesin dəstəklənməsi üçün rəqəmsallaşma sahəsində əməkdaşlığın inkişafıdır”, – deyə B. Helmi bildirib.
Sosial sahədə diplomat rəqəmsal savadlılığın əhəmiyyətini vurğulayıb: “Bu, cəmiyyətlərin bir-birinin mədəniyyətini və xüsusiyyətlərini daha yaxşı anlamasına kömək edir. İndoneziyalılar Azərbaycanı, Azərbaycan gəncləri isə İndoneziyanı daha yaxından tanımalıdır”.
“Bunun üçün təhsil sahəsində əməkdaşlığı və mübadilə proqramlarını inkişaf etdirmək, həmçinin ölkələrimiz haqqında məlumat və informasiya mübadiləsini həyata keçirmək lazımdır. Materiallar açıq olmalı və rəqəmsal formatda əlçatan təqdim edilməlidir”, – deyə o əlavə edib.
Beynəlxalq arenada qarşılıqlı dəstək
“Biz İndoneziya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsində böyük potensial görürük. Mənim vəzifəm siyasət və iqtisadiyyatdan tutmuş təhsil, energetika, turizm və rəqəmsallaşmayadək bütün əməkdaşlıq sahələrinin harmonik inkişafını təmin etmək və hər iki ölkə üçün qarşılıqlı faydalı imkanlar yaratmaqdır”, – deyə səfir yekunlaşdırıb.
