Bakı. Trend:
Ötən il Azərbaycan ilə Özbəkistan arasında investisiya təşəbbüslərinin reallaşdırılması həcmi əhəmiyyətli dərəcədə artıb, ayrı-ayrı istiqamətlər üzrə artım 20–30 faiz təşkil edib.
Trend xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov Bakıda “Özbəkistan – Azərbaycan: müttəfiqlik qarşılıqlı fəaliyyətinin arxitekturası” mövzusunda keçirilən dəyirmi masada bildirib.
“Hazırda ölkələrimizin 13 şəhəri əməkdaşlıq haqqında sazişlər imzalayıb və qardaşlaşmış şəhər münasibətləri qurub. Hökumətlərarası Komissiyanın, İşgüzar Şuranın və Dövlətlərarası Şuranın iclasları müntəzəm keçirilir”, – deyə o qeyd edib.
Diplomatın sözlərinə görə, ikitərəfli əməkdaşlığın yüksək dinamikası Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında yüksək səviyyədə aparılan fəal və etibarlı dialoq sayəsində mümkün olub.
“Liderlərin daimi təmasları və görüşləri iki ölkə arasında münasibətlərə müttəfiqlik xarakteri verib”, – deyə Aşrafxanov vurğulayıb.
