...

S&P Global Ratings PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi

İqtisadiyyat Materials 19 Fevral 2026 19:19 (UTC +04:00)
S&P Global Ratings PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi

Bakı. Trend:

S&P Global Ratings beynəlxalq reytinq agentliyi PAŞA Bank-ın uzunmüddətli və qısamüddətli kredit reytinqlərini “BB-/B” səviyyəsində təsdiqləyərək, reytinq proqnozunu “müsbət”ə yüksəldib.

S&P Global Ratings-in qərarı ilə bağlı fikrini bölüşən PAŞA Bank-ın Baş maliyyə inzibatçısı Murad Süleymanov bildirib ki, bu addım bankın maliyyə dayanıqlığının və strateji inkişaf xəttinin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

“S&P Global Ratings tərəfindən proqnozumuzun ‘müsbət’ə yüksəldilməsi bankın möhkəm maliyyə göstəricilərinin, ehtiyatlı risk idarəçiliyinin və fəaliyyət göstərdiyimiz mühitin dayanıqlığının təsdiqidir. Biz strateji prioritetlərimiz çərçivəsində davamlı artımın, güclü kapitallaşmanın və yüksək korporativ idarəetmə standartlarının qorunmasına sadiqik,” – deyə, M. Süleymanov vurğulayıb.

O əlavə edib ki, Bank bundan sonra da uzunmüddətli dəyər yaradılması, maliyyə dayanıqlığının möhkəmləndirilməsi və səhmdarlar üçün etibarlı tərəfdaş mövqeyinin qorunması istiqamətində fəaliyyətini davam etdirəcək.

PAŞA Bank 2007-ci ildə yaradılıb və Azərbaycanın aparıcı korporativ maliyyə institutudur. Bank korporativ və kiçik və orta biznes müştərilərinə investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi və klassik bank xidmətləri təqdim edir.

Bankın əsas fəaliyyəti qeyri-neft sektorunun inkişafına dəstək vermək, real sektorun maliyyə ehtiyaclarını qarşılamaq və ölkə iqtisadiyyatının şaxələndirilməsinə töhfə verməkdir. PAŞA Bank Azərbaycanla yanaşı Gürcüstan və Türkiyədə də fəaliyyət göstərir.

PAŞA Bank beynəlxalq maliyyə nəşri “International Investor Magazine” tərəfindən 2026-cı il üzrə eyni vaxtda iki əsas kateqoriyada – “Azərbaycanın ən yaxşı bankı” və “Azərbaycanın ən yaxşı KOS bankı” adına layiq görülüb.

Bank 2024–2025-ci illərdə yerli sahibkarlığın inkişafına verdiyi töhfələrə görə “Euromoney”, “International Investor Magazine” və “Global Finance” kimi nüfuzlu beynəlxalq nəşrlər tərəfindən bir sıra mükafatlara, o cümlədən “Ən yaxşı KOS Bankı” və “World’s Best Private Banks 2025” titullarına layiq görülüb.

Eyni zamanda, Bank 2025-ci ildə “Stevie Awards” tərəfindən “İlin şirkəti” nominasiyasında “Gold Stevie” mükafatını qazanan ilk Azərbaycan bankı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti