...

Azərbaycanda "Quş qripi"nin qarşısının alınması üzrə monitorinq başa çatır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Sentyabr 2007 17:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Babayeva/ Bu gün Azərbaycan ərazisində "Quş qripi"nin qarşısının alınması üzrə cari ilin birinci payız monitorinqi başa çatır. Bu barədə cümə günü Kənd Təsərrüfatı Nazirliyi Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli məlumat verib.

Onun sözlərinə görə, sentyabrın 24-də başlayan monitorinq Abşeron yarımadası, Dəvəçi, Salyan və Ağcəbədi rayonları ərazisində aparılıb. Bu gün isə, Lənkəran Milli Parkı ərazisində həyata keçirilir.

Xanvəli bildirib ki, monitorinq zamanı 10-dan yuxarı vəhşi quş vurulub, quşçuluq təsərrüfatları və müəssisələrinin tədqiqat laboratoriyaları üçün materiallar toplanacaq.

Laboratoriya nəticələri oktyabrın 6-da elan olunacaq.

Monitorinq Dövlət Baytarlıq Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi və Azərbaycan Ovçular Cəmiyyətinin mütəxəssislərindən ibarət xüsusi komissiya tərəfindən aparılır.

Xidmətdə hesab edirlər ki, hazırda ölkədə "Quş qripi" ilə bağlı vəziyyət stabildir.

Bu il Xidmət 8 monitorinq aparıb. Monitorinq zamanı 8210 növ vəhşi və ev quşu tədqiq edilib, onların heç birində virus daşıyıcısı aşkarlanmayıb.

Bu gün Azərbaycanda vəhşi quşların ovlanması, saxlanılması və satışına qoyulan qadağa qüvvədədir.

Ölkənin bütün baytarlıq sərhəd-keçid məntəqələri yalnız "Quş qripi" deyil, həmçinin Afrika taunu, dabaq və digər xəstəliklərin yayılmasının qarşısının alınması üçün, gücləndirilmiş iş rejimi ilə işləyir.

Xəbər lenti

Xəbər lenti