...

Bakı-Tbilisi-Qars layihəsinin reallaşdırılması regiona daha çox təhlükəsizlik və əməkdaşlıq gətirəcək – Azərbaycan prezidenti

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2007 15:45 (UTC +04:00)
Bakı-Tbilisi-Qars layihəsinin reallaşdırılması regiona daha çox təhlükəsizlik və əməkdaşlıq gətirəcək – Azərbaycan prezidenti

Gürcüstan, Tbilisi / Trend müxbir S.Əliyev/ Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi üzrə layihənin reallaşdırılması nəinki regionun, həmçinin bütün dünyanın inkişafına müsbət təsir göstərəcək. Bu barədə çərşənbə günü Gürcüstanda Azərbaycan, Gürcüstan və Türkiyənin nəqliyyat sistemlərini birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin təməl qoyma mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev bildirib. Bu layihə regionda enerji təhlükəsizliyi qədər, nəqliyyat təhlükəsizliyinin də artmasına imkan yaradacaq.

Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars layihəsinin reallaşdırılması regiona daha çox təhlükəsizlik və əməkdaşlıq gətirəcək. Azərbaycan, Gürcüstan və Türkiyə artıq bir neçə layihə - Bakı-Subsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələrini reallaşdırıb.

"Mən əminəm ki, bu layihə (Bakı-Tbilisi-Qars) əvvəlki layihələr kimi uğurlu olacaq" - deyə Azərbaycan prezidenti vurğulayıb.

Onun sözlərinə görə, layihə qeri-müəyyən idi, onun maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə institutları ilə danışıqlar aparılırdı, lakin bunlar heç bir nəticə vermədi.

"Bu gün bu layihəni biz özümüz maliyyələşdirir və reallaşdırırıq" - deyə prezident bildirib. Bütün texniki və maliyyə məsələləri həll olunub, texniki iqtisadi əsaslandırma hazırlanıb. Bakı-Tbilisi-Qars layihəsinin təşəbbüsçüsü Azərbaycan, Gürcüstan və Türkiyədir, onlar bu layihəni reallaşdırır və maliyyələşdirir. Onun reallaşdırılmasından sonra digər ölkələr də ona qoşulacaq.

Dəmir yolunun Gürcüstan hissəsinin tikintisi üçün Azərbaycan bu ölkənin "Marabda-Karsi dəmir yolu" MMC-yə 25 il müddətinə, ildə bir faizlə, 200 mln. dollar kredit ayıracaq. Bu vəsaitlə Gürcüstan ərazisində 29 km uzunluğunda yeni dəmir yolu tikiləcək, Türkiyə ilə sərhəddə isə təkər cütlərinin dəyişdirilməsi üzrə məntəqə tikiləcək, həmçinin köhnə yol yenidən qurulacaq.

Azərbaycan, Gürcüstan və Türkiyə fevralda Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi üzrə yekun sənəd imzalayıblar.

Xəbər lenti

Xəbər lenti