Azərbaycan, Bakı, 13 fevral / Trend , müxbir S.Əliyev/ Gəncə avtomobil zavodu müxtəlif təyinatlı avadanlıqla (tibbi, laborator, kommunal) Belarusun MAZ yük avtomobillərini buraxmaq niyyətindədir. Zavodda MAZ avtomobillərinin yığılması martdan başlayaraq davam etdiriləcək. Bu barədə çərşənbə günü Azərbaycan müəssisəsinin rəhbəri Xanlar Fətiyev məlumat verib.
Hazırda MAZ avtomobillərinə quraşdırılmaq üçün texnika istehsal edən bir neçə Belarus müəssisəsi ilə danışıqlar aparılır. "Danışıqlar yaxın vaxtlarda başa çatdırılacaq", - Fətiyev bildirib.
Hazırda müəssisədə istehal prosesinin təkmilləşdirilməsi üzrə işlər aparılır. İş meydançasında qızdırılma üçün İtaliya istehsalı olan qazburaxıcılar və yeni kompressor stansiyası qurulub.
Martda MAZ avtomobillərinin yığılmasını davam etdirmək üçün zavoda avadanlıqların gətirilməsinə başlanılacaq. Altı ay ərzində Gəncə avtomobil zavodunun servis idarəsinin bazasında bütün Azərbaycan ərazisində MAZ avtomobillərinə texniki xidmət göstərmək üçün servis xidmətləri yaradılacaq. Bundan əlavə, hazır məhsulun yaxın ölkələrə ixracı planlaşdırılır.
2007-ci ildə Azərbaycanda müxtəlif tədarükçülər tərəfindən 200 MAZ avtomobili reallaşdırılıb. 2008-ci ildə zavodda 350 avtomobil istehsal etmək planlaşdırılır. Azərbaycanda Minsk avtomobil və Minsk traktor zavodlarının yük avtomobilləri və traktorlarının tam yığılması və satışı üçün müqavilə 2006-cı il noyabrın sonunda Minskdə imzalanıb. Gəncə avtomobil zavodu Azərbaycanda ildə 1000 yük avtomobili və 2000 traktor yığa bilər.
Hazırda Gəncə avtomobil zavodunda "Belarus" traktorları yığılır. Onların dəyəri 13 mindən 35 min manatadək dəyişir.
Məqalə müəllifinin ünvanı: [email protected]