Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir Ü.İsmayılova / Azərbaycanın yeni "Sığorta fəaliyyəti haqqında" Qanunu sığorta bazarında yalnız peşəkar sığorta şirkətlərinin fəaliyyət göstərməsinə səbəb olacaq. Bu da sığorta işinin ən əsas amillərindən biri olan əhalinin etibarını qazanmağa imkan yaradacaq. Bu barədə bazar ertəsi "StarAlyans" sığorta şirkətinin meneceri Dövlət Səlimov məlumat verib.
Yeni "Sığorta fəaliyyəti haqqında" Qanun mart ayının 15-dən qüvvədədir. Qanun sığorta sistemi, bazarın ixtisaslaşmış iştirakçıları, sığortaçılar və təkrar sığortaçıların əsas istiqamətini və inkişaf prinsiplərini, eləcə də, dövlət sığorta nizamlayıcısı və nəzarətinin iqtisadi əsasları və hüquqlarını təyin etməlidir.
Səlimovun sözlərinə görə, yeni qanun ölkənin sığorta bazarına müsbət təsir göstərəcək. "Bu günə qədər tətbiq olunan qanun sığorta şirkətlərinin fəaliyyətini çox dar çərçivədə qurmağa məcbur edirdi" - Səlimov deyib. Məsələn, yeni qanuna əsasən maliyyələşmədə xarici kapitalın 49 faizlik iştirakı ləğv olunub. Sığorta şirkətləri öz üzərinə böyük həcmdə məsuliyyət götürə bilmir, təkrar sığorta üçün digər xarici ölkələrin böyük sığorta təşkilatlarına müraciət etməli olurdular. Bu isə ölkə kapitalının xarici ölkələrə getməsinə səbəb olurdu.
"Belə şəraitdə bazarın inkişafı haqqında danışmaq çətindir" - deyə Səlimov bildirib.
Yeni qanundakı dəyişikliklər əsasında xarici investorlar 100 faiz şirkət payına sahib olmaq hüququna malikdir. Şirkətlər isə ASC formasına keçməlidir. Səlimov qeyd edib ki, beynəlxalq təcrübə və xarici kapital hesabına formalaşan sığorta şirkətləri daha yüksək keyfiyyətlə sığorta xidmətləri gbstərməyə nail olacaq.
"Bazarda sağlam rəqabət və yüksək xidmətləri olan şirkətlər fəaliyyət göstərə biləcək" -deyə Səlimov bildirib.
Səlimovun fikrincə, yeni qaydalar və rəqabət şirkətləri daha peşəkar kadrlara sahib olmağa məcbur edəcək. "Treninqlər hesabına peşəkar sığorta agentlərinin formalaşması, peşəkar mütəxəssislərin azlığı kimi mühüm problemlərin köklü şəkildə həllinə gətirib çıxara bilər" -deyə Səlimov bildirib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]