...

Azərbaycanın MBASK sığorta şirkətinin investisiya portfeli 10 milyon manata çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2008 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may / Trend / Azərbaycanın iri sığorta şirkətlərindən biri olan MBASK cari ilin yanvar ayından mayın 17-nə qədər görülən işlərin yekunu üzrə depozit investisiyalarının həcmini 10 mln. manata qədər artırıb. Bu məbləğ ötən ilin analoji dövr göstəricilərini 165 faiz üstələyir. Bu barədə çərşənbə günü şirkətdən məlumat verilib.

"Əgər şirkətin investisiya portfeli son beş ildə 250,7 min manatdan 10,9 mln. manata qədər artıbsa, təm əminliklə qeyd etmək olar ki, artım tempi ildən-ilə minimum olaraq iki qat artır", - deyə MBASK-ın İdarə Heyəti sədrinin birinci müavini Rəşad Abbasov bildirib.

Abbasovun sözlərinə görə, MBASK öz investisiyalarından bilavasitə sığorta fəaliyyəti üzrə əldə etdiyindən az qazanmır. Hazırda mənfəətin böyük hissəsi investisiya fəaliyyətindən əldə olunan gəlirlərin hesabına formalaşır və gələcəkdə bu göstərici yalnız artacaq.

Onun sözlərinə görə, şirkət investisiya partfelinin diversifikasiyası üzrə fəal iş aparır. Bununla yanaşı, partfelin diversifikasiyası yüksək gəlirin əldə olunması üçün deyil, daha çox "İnvestisiya zəmanətinin təmin edilməsi" və sərmayələşdirməklə bağlı risklərin azaldılması üçün həyata keçirilir. İnvestisiyaların xeyli hissəsini banklardakı depozitlər təşkil edir və bu daha çox sığorta şirkətlərinin investisiyaları üçün qanunvericilik məhdudiyyətləri ilə əlaqədardır.

"İnvestisiya siyasətinə əsasən, sərmayə portfelinin yalnız 10 faizini yüksək gəlirli və eyni zamanda riskli investisiyalar təşkil edir. Portfelin qalan hissəsini möhkəm zəmanətli və az riskli investisiyalar təşkil edir", - deyə Abbasov bildirib.

1992-ci ildən Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən MBASK SŞ sığortanın 29 növü üzrə xidmət təklif edir. Bu xidmətlərin dördü icbaridir. Şirkətin nizamnamə kapitalı 2 mln. manatdır. MBASK səhmlərinin 30 faizi 2005-ci ilin yanvar ayından Avropa Yenidənqurma və İnkişaf Bankına məxsusdur.

Xəbər lenti

Xəbər lenti