Azərbaycan, Bakı, 02 avqust / Trend , müxbir E.İsmayılov/ Cari ilin iyun ayında Azərbaycanda may ayına nisbətdə qida məhsullarının dəyərində 99,5 faiz səviyyəsində defliyasiya müşahidə olunub. Bu barədə şənbə günü Azərbaycan Dövlət Statistika Komitəsinin (DSK) rəhbəri Arif Vəliyev bildirib.
"Lakin buna baxmayaraq, qeyri-ərzaq məhsulları və xidmətlərdə qiymət artımı müşahidə olunub", - deyə Vəliyev bildirib.
Vəliyev vurğulayıb ki, cari ilin birinci yarısında ötən ilin analoji dövrü ilə müqayisədə qiymət artımı 20,2 faiz təşkil edib.
Yanvar-may aylarında pərakəndə mal dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin həcmi artmaqda davam edib və illik hesablamalara görə, 17,6 faiz səviyyəsində olub. DSK-nın məlumatına görə, pərakəndə mal dövriyyəsi həcmi 4078,3 mln. manata bərabər olub ki, bu da ötən ilin analoji dövr göstəricisindən 14,7 faiz çoxdur. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 1151,1 mln. manat təşkil edib ki, bu da 2007-ciilin yanvar-may ayları ilə müqayisədə 29,5 faiz çoxdur.
Qeyri-ərzaq məhsulları üzrə qiymət artımı ərzaq məhsulları üzrə qiymət artımından cüzi dərəcədə yüksək olub. Belə ki, yanvar-mayda qeyri-ərzaq məhsullarının qiymətləri 10,2 faiz, xidmətlər üzrə qiymətlər isə 11,4 faiz artıb.
May ayı ərzində istehlak malları üzrə qiymət artımı 2,3 faiz təşkil edib. Bununla yanaşı, ərzaq məhsulları 3,5 faiz, qeyri-ərzaq məhsulları 1,5 faiz bahalaşıb, xidmət tarifləri isə əvvəlki səviyyədə qalıb.
Mayda mövsümi dəyişikliklərə meyilli və qiymətləri dövlət tərəfindən nizamlanan mal və xidmətləri (Meyvə və tərəvəz) çıxmaqla hesablanan istehlak qiymətlərinin baza indeksi aprel ayına nisbətdə 102,4 faiz, yanvar-mayda isə illik hesablamalara əsasən, 120,5 faiz təşkil edib.
Aprelə olan göstəricilər ilə müqayisədə, mayda sənaye məhsulları üzrə qiymət indeksi 6,9 faiz artıb, yanvar-mayda isə ötən ilin analoji dövrünə nisbətdə qiymətlər 20,4 faiz artıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: capital