...

Ərzaq təhlükəsizliyi məsələsinin həlli səylərin birləşdirilməsini tələb edir - İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Sentyabr 2008 14:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 sentyabr / Trend , S.Babayeva/ "Ərzaq təhlükəsizliyi məsələsinin həll edilməsi üçün bütün səyləri birləşdirmək lazımdır", - Bakıda ECO-nun yüksək vəzifəli şəxslərinin üçüncü və ECO ölkələri kənd təsərrüfatı nazirlərinin dördüncü görüşündə iştirak edən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Baş katibi Xurşid Ənvər hesab edir.

"Biz ərzaq böhranını oturub gözləməməliyik. Biz onun xəbərdar edilməsi yolları barədə fikirləşməliyik", - o deyib.

Ənvərin sözlərinə görə, ölkələr aqrar sahənin irəliləyişi və inkişafı, taxıl toxumlarının təchizatı və eləcə də su ehtiyatlarının idarə edilməsi üçün əməkdaşlığı möhkəmləndirməlidir.

"Tələbat daim artır. Buna görə də biz sıx əməkdaşlıq etməliyik", - o qeyd edib.

İclasın gündəliyinə ECO-nun ərzaq təhlükəsizliyi üzrə regional proqramının, təşkilata üzv ölkələrin bitki toxumları ilə təchizatının gücləndirilməsi, biotexnoloji məsələnin, təşkilatın veterinar komissiyalarının fəaliyyətinin, əməkdaşlıq və təcrübə mübadiləsinin müzakirəsi daxildir.

İclasın yekunları üzrə Bakı bəyannaməsi qəbul ediləcək və ECO ölkələrinin kənd təsərrüfatı nazirlərinin keçiriləcək növbəti görüşünün vaxtı və yeri müəyyən ediləcək.

İqtisadi Əməkdaşlıq Təşkilatı - 1985-ci ildə Orta Asiya və Yaxın Şərq ölkələri tərəfindən yaradılmış regional dövlətlərarası iqtidsadi təşkilatdır. İƏT-in iqamətgahı Tehranda yerləşir. Təşkilatın tərkibinə Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan daxildir.

Xəbər lenti

Xəbər lenti