...

Ukraynanın neft qarışıqlı günəbaxan yağları Bakıda satıla bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Sentyabr 2008 18:24 (UTC +04:00)
Ukraynanın neft qarışıqlı günəbaxan yağları Bakıda satıla bilər

Azərbaycan, Bakı, 10 sentyabr / Trend , müxbir Ü.İsmayılova/ "Bakının mağazalarında tərkibində neft məhsullarının qarışığı olan Ukrayna istehsallı günəbaxan yağı satılır", - Azərbaycanın Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov çərşənbə günü bildirib. Artıq bu məhsulun keyfiyyəti ilə bağlı istehlakçıların təklifləri Birliyə daxil olub.

"Başlıca problem belədir ki, Ukrayna bitki yağının məhz hansı partiyasının tərkibində zərərli maddələrin olduğunu müəyyən etmək qeyri-mümkündür", - Hüseynov qeyd edib.

Təhlükəli partiyanın aşkar edilməsi problemi dünya standartlarına cavab verən laboratoriya, həmçinin bu sahədə çalışan ixtisalı kadrların olmaması ilə əlaqədardır.

Hüseynov hesab edir ki, Azərbaycana gətirilən Ukrayna yağları ilə bağlı problemi yalnız dövlət ekspertizası səviyyəsində həll etmək mümkündür. Belə ki, məsələ çox ciddidir və məhsul insan sağlamlığı üçün təhlükəlidir.

Ukrayna yağının keyfiyyəti haqqında məsələ ilk dəfə İspaniyada qaldırılıb. Mütəxəssislər idxal olunan yağın tərkibini yoxlayarkən, onda neft məhsulları hissəcikləri aşkarlayıblar. İspaniyanın qida məhsullarının təhlükəsizliyi agentliyi Ukraynadan idxal olunan bütün yağları satışdan çıxarıb.

Sonradan Fransada ekspertlər Ukrayna istehsalı olan günəbaxan yağının tərkibində qarışıqlar aşkarlayıblar. Fransa tərəfi də Ukrayna günəbaxan yağının satışını dayandırıb və bu barədə Avropa Komissiyasına məlumat verib.

Avropa Komissiyası Aİ-yə üzv bütün ölkələrə sağlamlıq üçün zərərli Ukrayna yağı haqqında xəbərdarlıq göndərib.

Böyük ehtimalla, neft məhsulları yağa təsadüfən düşüb - yağ görünür əvvəllər tərkibində neft məhsulu olan maddənin saxlandığı çəndə saxlanılıb.

Avropanın əksər dövlətləri, eləcə də Fransa, İspaniya, İtaliya, Niderland, İsveçrə və digər ölkələr tərkibində zərərli maddələr aşkar edildiyi üçün təcili surətdə mağaza və ticarət vasitəçilərinin anbarları, qida kompleksi müəssisələrindən bütün Ukraynadan gətirilən bitki yağlarını geri çağırıblar.

Azərbaycanda da Ukrayna mənşəli bitki yağının keyfiyyəti haqqında məsələ qaldırılıb. İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi və digər müvafiq orqanlara rəsmi məktublar ünvanlanıb və onlar bazarda monitorinq aparıblar.

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi nəzdində İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlak bazarında monitorinq aparıb və nəticədə 1,14 min litr yağ aşkarlanaraq məhv edilib. Monitorinqin nəticələrinə əsasən, yalnız bir şirkət İtaliya vasitəsilə Ukrayna istehsalı olan bitki yağını Azərbaycana gətirir. Şirkətin adı onun maraqları çərçivəsində açıqlanmır. Bu şirkətin malları məhv edilib. İnsan sağlamlığı üçün təhlükəli Ukrayna bitki yağının olmasına dair monitorinqlər davam etdirilsə də, indiyədək yeni faktlar aşkarlanmayıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyindən bildiriblər ki, Azərbaycanda tərkibində neft məhsulları qarışıqlarının aşkar edildiyi Ukrayna istehsalı olan günəbaxan yağları yoxdur. Müvafiq monitorinqlər aparıldıqdan sonra bu məhsulu Azərbaycan gətirən idxalçı aşkarlanmayıb.

Ümumilikdə, ilin əvvəlindən idxalçılar tərəfindən Ukrayna mənşəli günəbaxan yağını ölkəyə gətirmək məqsədilə sertifikatın alınması üçün Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinə müraciət daxil olmayıb.

Avropanın təqribən bütün ölkələri zərərli Ukrayna məhsulunun böyük partiyasını geri çağırsalar da, Azərbaycanın rəsmi strukturları bəyan edirlər ki, istehlakçıları heç bir təhlükə gözləmir.

Standartlaşdırma Agentliyndən də bildiriblər ki, qurum yalnız sənədlər təsdiq olunduqdan sonra ölkəyə rəsmi surətdə gətirilən mallara cavabdehdir. Və qurum ölkəyə qeyri-qanuni yolla gətirilən mallara cavabdeh deyil ki, bu da bazarda zərərli yağların ola biləcəyi deməkdir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti