Azərbaycan, Bakı, 20 noyabr/ Trend / AccessBank Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) 28 mln. dollar məbləğində sindikatlaşdırılmış kreditin alınması haqqında müqavilə imzalayıb, - Bankın cümə axşamı yayılan məlumatında bildirilir.
Kreditin əsas hissəsi, yəni 20 mln. dollar 3 il müddətinə, qalan 8 mln. dollar 18 ay müddətinə verilib - gələcəkdə bu müddət daha 18 ay artırıla bilər. AccessBank bu krediti mikro və kiçik sahibkarlığı maliyyələşdirmək məqsədi ilə alıb.
10 milyon dollar məbləğində kredit AYİB - in vəsaitlərindən, daha 10 mln. dollar isə, Niderland Sərmayə Şirkəti (FMO) tərəfindən təqdim ediləcək. Kreditin 8 mln. dolları WGZ Bank, Erste Bank and First Bank of Nigeria-nın payına düşür.
"Bu, AccessBank-ın aldığı ilk sindikatlaşdırılmış kreditdir", - məlumatda bildirilir.
AYİB - in bu əməliyyata rəhbərlik etməsi "AccessBank"ın maliyyə bazarına daxil olaraq öz maddi bazasını diversifikasiya etməyə kömək edir.
"Bu kredit Azərbaycanda maliyyə institutunu gücləndirəcək və yerli biznesə kömək edəcək", - AYİB- in Bakı Ofisinin rəhbəri Francis Delaey sənəd imzalanarkən bildirib.
Dünya maliyyə bazarlarındakı mövcud vəziyyəti nəzərə alaraq, krediti sindikatlaşdırmaq bizim üçün çox vacibdir - bu, müqavilənin etibarlılığının bariz göstəricisidir, - o əlavə edib.
"Maliyyə böhranı zamanı bu kreditin uğurla sindikatlaşdırılması AccessBankın və Azərbaycan iqtisadiyyatının qüdrətini nümayiş etdirir, - AccessBank-ın Baş meneceri Endryu Pospilovski bildirib. Bu, bugünki maliyyə böhranı vəziyyətində, özünə möhkəm baza yaratmağa çalışan maliyyəçiləri ilhamlandıracaq və bizə olan etibarlarını gücləndirəcək".
Avropa Yenidənqurma və İnkişaf Bankı 1991-ci ildə yaranıb - bu dövrdə Mərkəzi və Şərqi Avropada kommunizm süquta uğramış, postsovet ölkələrində demokratik mühitdə özəl sektorun inkişafına ehtiyac yaranmışdı. Bu gün AYİB, Mərkəzi Avropadan Mərkəzi Asiyayadək, 27 ölkədə bazar iqtisadiyyatının inkişafına yardım məqsədi ilə investisiya vasitələrindən istifadə edir.
AccessBank Azərbaycanda mikro və kiçik biznes sahəsində aparıcı kreditordur. Bank, hər ay 20 milyon ABŞ dollarından artıq məbləğdə 4,000-dən çox biznes krediti verir. "AccessBank" 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar: Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Bank - Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən Access Holding (16.5%) və Almaniyanın məsləhətçi LFS Financial Systems GmbH (3.5%) şirkətləridir.