Azərbaycan, Bakı, 24 fevral / Trend /
"Azərbaycanın O'GRAE şirkəti Moskva və Rusiyanın bütün böyük regionlarına məhsul tədarükünə dair müqavilələr bağlayıb. Şirkət buna fevralın 9-13-də Moskvada keçirilmiş XVI beynəlxalq qida və içki məhsulları sərgisi - "Prodekspo-2009" çərçivəsində nail olub", - şirkətin məlumatında deyilir.
"Məhsula xarici, həmçinin Çin şirkətlərinin nümayəndələri də maraq göstəriblər", - şirkətdən bildirilib.
Sərgiyə gələnlər şirkətin stendini və nümayiş etdirilən məhsulun keyfiyyətini yüksək qiymətləndiriblər. Burada innovasion məhsul olan "orqanik" xüsusi yer tutub.
Sərgi çərçivəsində bir neçə müsabiqə keçirilib. O'GRAE şirkəti burada fərqlənərək bütün rekordları vurub. "Paytaxt" kanalının xəbər buraxılışında sərginin başa çatmasına həsr olunmuş reportajda qeyd olunduğu kimi "...mükafataları məhsul kimi toplayırdılar. O'GRAE şirkətinin şirələri Münsiflər Heyətinin zövqünü fəth etdi. Yəqin ki, möhtəşəm beynəlxalq qida və içki məhsulları sərgisində iştirak edən min istehsalçıdan heç biri bu qədər mükafat əldə etməyib".