...

Azərbaycan Prezidenti "2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi barədə fərman imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2009 18:58 (UTC +04:00)

Azerbaydjan, Baku, 14 aprel / Trend /

Azərbaycan Prezidenti İlham Əliyev ölkədə iqtisadiyyatın diversifikasiyasına və onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılmasına, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə nail olmaq məqsədi ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq ediməsi barədə fərman imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

""Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında (2004-2008)", "Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramında (2006-2007-ci illər)" və regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş digər sənədlərdə nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoymuş, qeyri-neft sektorunun davamlı inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına təkan vermiş, sahibkarlıq mühitinin daha da yaxşılaşmasında, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində və yoxsulluğun azalmasında mühüm rol oynamışdır", - prezidentin fərmanında deyilir. 

"Ötən beş il ərzində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 27,5 mindən çox yeni müəssisə yaradılıb, 547,5 min daimi yeni iş yeri açılıb, yoxsulluğun səviyyəsi 13,2 faizədək azalıb", - fərmanda qeyd olunub. Bu müddətdə ümumi daxili məhsulun real həcmi 2,6 dəfə, qeyri-neft sektorunda məhsul istehsalı 1,8 dəfə artıb, iqtisadiyyatın bütün sahələrində dinamik artım müşahidə edilib, o cümlədən sənaye istehsalı 2,5 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 25,2 faiz, əhalinin gəlirləri 4 dəfə artıb.

"Dövlətin başlıca məqsədi regionların mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara dəstək olmaq, yoxsulluq probleminin həllinə nail olmaq və ölkəni iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirməkdir", - sənəddə qeyd olunur.  

Fərmandan irəli gələn məsələlərin həlli Nazirlər Kabimetinə tapşırılıb.

Fərman imzalandığı gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti