...

"Donuz qripi" virusunun dünya iqtisadiyyatına təsiri o qədər də ciddi olmayacaq – ekspertlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2009 16:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel / Trend , müxbir А.Bədəlova / 

Meksikada ortaya çıxan "donuz qripi" virusu və onun başqa ölkələrə yayılması, bu xəstəliyin dünya iqtisadiyyatına təsiri ətrafında bir çox məsələlər qaldırıb.

Dünya Bankı ən bədbin hesablama ssenarisinə əsasən, mümkün "donuz qripi" virusu pandemiyası dünya iqtisadiyyatına üç trilyon dollara başa gələ bilər və dünya ÜDM-in beş faiz aşağı düşməsinə səbəb ola bilər. Orta ssenariyə əsasən, 2 faiz və 1,2 trilyon dollar. Bununla yanaşı, itkilərin 60 faizi səyahətlərin azalması nəticəsində o qədər də vacib olmayan məhsulların alınmasına tələbin azalması, 30 faizi isə xəstəlik və işə gəlməmə kimi faktorların nəticəsində baş verəcəyi gözlənilir.

Ancaq ekspertlər hesab edir ki, bu dəfə virus o qədər təhlükəli deyil və dünya iqtisadiyyatına ciddi təsir etməyəcək.

"Birincisi, "donuz qripi" ilə mübarizə üçün yaxşı dərman preparatları var. Deyilənə görə, Meksikada bu xəstəlikdən 100-dən çox adam dünyasını dəyişib, amma nəzərə almaq lazımdır ki, orada səhiyyə elə də yaxşı durumda deyil", - Trend -a iqtisadi tədqiqatlar üzrə Britaniya konsaltinq şirkəti Capital Economics-in aparıcı beynəlxalq iqtisadçısı Julian Cessop deyib.

Onun sözlərinə görə, dünya bu cür böhranlarla mübarizəyə çox yaxşı hazırlıqlıdır. Buna 2003-cü ildə qeyri-tipik pnevmoniya epidemiyası (SARS) və "quş qripi" ilə mübarizədə qazanılan təcrübə böyük kömək edib.

"İqtisadiyyata zərəri əsasən pandemiyanın özünün birbaşa təsiri deyil, onun qarşısını almaq məqsədi ilə həyata keçirilən təlaş dolu tədbirlər vurur. Cari halda xəstəliyin geniş nəticələr verməsi ehtimalı məhduddur", - Cessop hesab edir.

O, Ümumdünya Səhiyyə Təşkilatından nümunə gətirib. Təşkilat "donuz qripi" səbəbindən hansısa ticari məhdudiyyətlər və səfərlərin təxirə salınması kimi tədbirlərə əl atmağı tövsiyə etmir.

Britaniya şirkətinin analitikləri yaxın zamanlarda dünya iş fəallığının bərpa olunacağını gözləyirlər.

Dünyanın ən böyük banklarından olan Amerikanın JPMorgan bankının analitiki Kristi Cons hesab edir ki, epidemiyanın dərəcəsi haqqında məlumatın az olmasını nəzərə alaraq, "donuz qripi"nin enerji bazarına real təsiri barədə hansısa proqnozlar vermək hələ tezdir.

Ancaq Cons dünyaya yayılmaqda davam edən "donuz qripi"nin dünya ticarəti, nəqliyyat və enerji istehlakına mənfi təsirini qeyd edib.

"Ancaq yadda saxlamaq lazımdır ki, qlobal tənəzzül artıq neftə olan tələbata hiss ediləcək təsiri edib", - Trend -a Cons bildirib.

İlkin məlumatlara görə, 2009-cu ilin birinci rübündə neftə olan tələbat 3,4 faiz (sutkada təxminən 0,3 milyon barel) aşağı düşüb. Meksikada neftə tələbat 5,2 faiz düşüb.

"Donuz qripi" epidemiyası məhz Asiyada sürətli iqtisadi inkişafın başladığı və regionda neftə tələbatın demək olar ki, dəyişilməmiş qaldığı dövrə təsadüf etdi", - Cons vurğulayıb. 

Onun sözlərinə görə, bu gün "donuz qripi"nin genişlənməsi barədə xəbərlərin yayılması artıq dünya iqtisadiyyatının potensial zəifləmə işarələrini verib. Ancaq bazarlar iqtisadi bərpanın perspektivlərini qiymətləndirməkdə davam edirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti